Brüsseldə Zəfər Günü qeyd olunub

Zəfər Günü münasibətilə Brüssel Azərbaycan Evində Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bayram tədbiri keçirilib.

"Report"un Avropa bürosunun məlumatına görə, tədbir ölkənin Belçikadakı səfirliyinin dəstəyi ilə Azərbaycan Evi tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edənlər həmvətənlərimizi Zəfər Günü münasibətilə təbrik edərək, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı qələbənin tarixi əhəmiyyətini vurğulayıblar.

Onlar Vətən müharibəsinin və bu müharibədəki qələbənin milli birliyimizin, həmrəyliyimizin və vətənə sonsuz bağlılığımızın təcəssümü olaraq Azərbaycan tarixində müstəsna yer tutduğunu qeyd ediblər.

Tədbirdə Azərbaycanın Belçikadakı səfirliyinin birinci katibi Emin Rüstəmov, MADANİ platformasının rəhbəri Emin Əliyev, "FireLand" Azərbaycanlılar Birliyinin sədri İlahə Tağıyeva, BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Yasəmən Abbasi, İRS Azərbaycan Belçika Tələbə Assosiasiyasınin həmsədri Nurlana Veysova və başqaları çıxış ediblər.

Zəfər Günü hər il xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən qürur, sevinc və ruh yüksəkliyi ilə qeyd edilir.

Tədbirdə Mədəniyyət Nazirliyi və Kino Agentliyinin maliyyə dəstəyi ilə ərsəyə gəlmiş "Torpağı sanı yaşayasan" bədii qısametrajlı film nümayiş etdirilib.

Tədbirin sonunda vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.