Bakı, 9 noyabr, AZƏRTAC Azərbaycan xalqının dövlətçilik tarixində mühüm və əlamətdar hadisələrdən biri 1990-cı il noyabrın 17-də Naxçıvanda baş verib. Həmin gün Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib. Bu tarixi qərar Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpası, xalqın milli özünüdərkinin güclənməsi və müstəqillik ideyasının gerçəkləşməsi istiqamətində atılmış mühüm addım oub.Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixi 1918-ci ilə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünə təsadüf edir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə mavi, qırmızı və yaşıl rənglərdən ibarət üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul edilib.Bu bayraq Azərbaycan xalqının milli kimliyini, azadlıq və müstəqillik arzularını, milli-mənəvi dəyərlərini özündə təcəssüm etdirirdi. Lakin 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayraq dövlət rəmzi statusunu itirdi. Bununla belə, bayraq xalqın yaddaşında müstəqilliyin və milli azadlığın müqəddəs simvolu kimi yaşamaqda davam etdi. 1990-cı illərin əvvəllərində Azərbaycanda mürəkkəb ictimai-siyasi proseslər gedirdi. Sovet imperiyasının zəiflədiyi, milli azadlıq hərəkatının genişləndiyi bir dövrdə xalqın qarşısında əsas vəzifələrdən biri milli dövlətçilik ənənələrinin bərpası və müstəqilliyə doğru qətiyyətli addımların atılması idi. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin Naxçıvanda siyasi fəaliyyətə başlaması və 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasına rəhbərlik etməsi mühüm tarixi əhəmiyyət daşıyırdı. Həmin sessiyada Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bir sıra mühüm qərarlar qəbul edildi. İlk növbədə, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözlərinin çıxarılması və Naxçıvan Muxtar Respublikası adlandırılması qərara alındı. Eyni zamanda, Ali Sovetin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Sessiyanın ən mühüm qərarlarından biri isə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa edilərək, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi idi. Bu qərarla Naxçıvanda sovet ideologiyasının dövlət rəmzləri üzərindəki təsirinə qarşı mühüm siyasi addım atıldı. Üçrəngli bayrağın yenidən dövlət səviyyəsində ucaldılması Azərbaycan xalqının müstəqillik iradəsinin və milli dövlətçilik düşüncəsinin ifadəsinə çevrildi. Ulu öndər Heydər Əliyevin 1990-cı il noyabrın 17-də Naxçıvanda həyata keçirdiyi bu təşəbbüs yalnız muxtar respublikanın dövlət rəmzlərinin müəyyənləşdirilməsi ilə məhdudlaşmırdı. Bu, bütövlükdə Azərbaycanın gələcək müstəqilliyinə yönəlmiş mühüm siyasi addım idi. Onun rəhbərliyi ilə qəbul edilən qərarda üçrəngli bayrağın yalnız Naxçıvanın deyil, bütün Azərbaycanın dövlət rəmzi kimi tanınması məsələsi də qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi Dövlət Bayrağı kimi qəbul olunması barədə vəsatət qaldırdı. Bu təşəbbüs Azərbaycanın digər siyasi və dövlət qurumlarına da mühüm təsir göstərdi. Naxçıvanda atılan addım milli azadlıq hərəkatının siyasi məzmununu gücləndirdi və ölkənin müstəqillik yolunda irəliləməsinə təkan verdi.Ulu Öndər Heydər Əliyev sonralar bu tarixi hadisəni qiymətləndirərək bildirib:“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasında da müvafiq qərarların qəbul edilməsinə böyük təsir göstərmişdir”. Naxçıvanda qəbul edilən tarixi qərardan sonra üçrəngli bayrağın bütün Azərbaycan ərazisində Dövlət Bayrağı kimi təsdiq olunması istiqamətində siyasi və hüquqi proses davam etdi. Nəhayət, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Beləliklə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş milli bayraq yenidən müstəqil dövlətçiliyin əsas rəmzinə çevrildi. Bu hadisə Naxçıvanda 1990-cı il noyabrın 17-də atılmış tarixi addımın məntiqi davamı idi. Başqa sözlə, Naxçıvan Azərbaycanın üçrəngli dövlət bayrağının bərpası prosesində mühüm siyasi və hüquqi başlanğıc nöqtəsi oldu. Azərbaycan Respublikasının Dövlət Bayrağı üç bərabər üfüqi zolaqdan ibarətdir. Hər bir rəng xalqımızın milli kimliyini və mənəvi dəyərlərini ifadə edir: Mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyasını ifadə edir. Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək və tərəqqiyə nail olmaq arzusunu simvolizə edir. Yaşıl rəng İslam sivilizasiyasına mənsubluğu və mənəvi dəyərləri əks etdirir. Bayrağın qırmızı zolağının ortasında yerləşən ağ aypara və səkkizguşəli ulduz isə dövlət rəmzimizin ayrılmaz elementləridir. 1990-cı il noyabrın 17-də Naxçıvanda üçrəngli Dövlət Bayrağının qəbul edilməsi Azərbaycan tarixində sadəcə bir dövlət rəmzinin bərpası deyildi. Bu hadisə xalqımızın milli azadlıq mübarizəsinin, müstəqillik istəyinin və dövlətçilik ənənələrinə qayıdışının parlaq təzahürü idi.Ulu öndərin uzaqgörən siyasəti, qətiyyətli mövqeyi və milli maraqlara əsaslanan fəaliyyəti nəticəsində Naxçıvanda qəbul olunan bu qərar bütün Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən tarixi hadisəyə çevrildi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi inkişaf prosesini nəzərə alaraq 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əsasını yaratdı. Bu qərar Azərbaycan dövlət rəmzlərinə olan hörmət və ehtiramın daha da artırılması baxımından böyük əhəmiyyət daşıyır.Bu gün Azərbaycan Bayrağı müstəqilliyimizin, suverenliyimizin, milli birliyimizin və dövlətçilik qürurumuzun rəmzi kimi dünyanın müxtəlif ölkələrində dalğalanır. Onun hər bir azərbaycanlının qəlbində xüsusi yeri var.