Bakı, 9 noyabr, AZƏRTAC Bayraq bir millətin varlığını, milli kimliyini, müstəqilliyini, öz torpağına və dövlətinə sahib olduğunu nümayiş etdirən ən müqəddəs rəmzlərdən biridir. O, xalqın tarixini, keçmişini, bu gününü və gələcəyə olan inamını özündə yaşadır. Buna görə də dövlət bayrağı hər bir xalq üçün milli qürur və mənəvi dəyər mənbəyidir.Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.O qeyd edib ki, Azərbaycan xalqının əsrlər boyu yaşatdığı dövlətçilik ənənələri, azadlıq və müstəqillik arzuları üçrəngli bayrağımızda öz əksini tapıb. "1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə milli dövlətçilik tariximizdə yeni mərhələ başlandı. Həmin dövrdə dövlət rəmzlərimizin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. İyunun 21-də ilk dövlət bayrağımız, noyabrın 9-da isə bu gün qürurla daşıdığımız üçrəngli bayrağımız qəbul edildi. Üçrəngli bayrağımızın yenidən dövlətçilik tariximizə qaytarılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi yer tutur.1990-cı il noyabrın 17-də, Sovet İttifaqının hələ mövcud olduğu bir dövrdə Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyası keçirildi. Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edildi və Azərbaycan SSR Ali Soveti qarşısında onun Azərbaycanın rəsmi dövlət bayrağı kimi tanınması barədə vəsatət qaldırıldı. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının adından Sovet Sosialist sözləri çıxarıldı. Bu qərarlar milli dövlətçilik ənənələrinin bərpasına və Azərbaycanın gələcək müstəqilliyinə doğru atılmış mühüm siyasi addımlar idi",- deyə A. Badamov vurğulayıb. Deputat qeyd edib ki, müstəqilliyimizin bərpasından sonra dövlət bayrağımıza ehtiramın artırılması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında imzaladığı Sərəncam bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmin il dekabrın 30-da meydanın təməli qoyuldu, 2010-cu il sentyabrın 1-də isə təntənəli açılışı keçirildi. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan edildi. Bununla üçrəngli bayrağımızın dövlətçilik tariximizdəki yeri bir daha vurğulandı.Lakin müstəqilliyimizin ilk onilliklərində bayrağımız bütün ərazilərimizdə dalğalana bilmirdi. Torpaqlarımızın bir hissəsinin Ermənistanın işğalı altında olması dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin pozulması demək idi.Azərbaycan dövləti bu illər ərzində iqtisadi, siyasi və hərbi potensialını gücləndirdi, ordumuzu müasirləşdirdi, milli birlik və həmrəyliyimizi möhkəmləndirdi.2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazandı və torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Noyabrın 8-də qədim Şuşamızın azad olunması xalqımızın tarixində xüsusi yer tutdu.Həmin günlərdə hər bir əsgərimizin ürəyində bir arzu var idi: üçrəngli bayrağımızı doğma torpaqlarımızda, xüsusilə Şuşada dalğalandırmaq! Bu arzu gerçəkləşdi, bayrağımız azad edilmiş torpaqlarımızda yenidən ucaldı.2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu. Beləliklə, üçrəngli bayrağımız ölkəmizin bütün ərazilərində dalğalanmağa başladı."Bu gün bayrağımız yalnız dövlət atributu deyil. O, 1918-ci ildə qurulan dövlətçiliyimizin, 1990-cı ildə Naxçıvanda nümayiş etdirilən müstəqillik iradəsinin, 1991-ci ildə bərpa olunan dövlət müstəqilliyimizin, 2020-ci ildə qazanılan tarixi Zəfərin və 2023-cü ildə tam bərpa edilən suverenliyimizin rəmzidir.Bayrağımızın hər dalğalanışında şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, xalqımızın mübarizə əzmi yaşayır. Dövlət Bayrağı Meydanında, Şuşada, Xankəndidə, işğaldan azad edilmiş torpaqlarımızda və Azərbaycanın bütün guşələrində dalğalanan üçrəngli bayrağımız milli birliyimizin, dövlətçilik iradəmizin və qürurumuzun ifadəsidir.Bəli, bu gün xalqımız qalibdir, dövlətimiz müstəqil və suverendir, bayrağımız isə ucadır!Bayrağımız daim ucalarda dalğalansın! Onun kölgəsində müstəqil, bütöv və güclü Azərbaycanımızın gələcək nəsilləri yetişsin",- deyə o əlavə edib.