Rusiya XİN: Ermənistan məsuliyyəti KTMT-nin üzərinə atır

Ermənistan qəbul etdiyi qərarlara görə məsuliyyəti yenidən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin üzərinə qoymağa çalışır.

Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan KTMT-də iştirakını dondurmasına və üzvlük haqlarını ödəməməsinə baxmayaraq, hələ də təşkilatın tamhüquqlu üzvü olaraq qalır.

“Biz Ermənistanı əməkdaşlıqdan kənarda saxlamırıq və təşkilat çərçivəsində qəbul edilən bütün qərarlara qoşulmaq imkanını onun üçün açıq saxlayırıq. Lakin təəssüf ki, İrəvan tərəfindən qarşılıqlı addımlar görmürük. Əksinə, qəbul edilən qərarlara görə məsuliyyəti başqalarının üzərinə qoymaq cəhdləri yenidən müşahidə olunur”, – Pankin bildirib.

Diplomat xatırladıb ki, KTMT-nin Nizamnaməsinə əsasən, üzvlük haqları üzrə borcunu ödəməyən dövlət borc tam bağlanana qədər səsvermə hüququndan məhrum edilə bilər.

Pankin noyabrın 11-də Moskvada keçiriləcək KTMT sammitinə də toxunub. Onun sözlərinə görə, sammit Rusiyanın təşkilata sədrliyinin yekun mərhələsi olacaq.

O bildirib ki, sammitdə regional sabitliyin təmin edilməsində KTMT-nin rolunun gücləndirilməsinə yönəlmiş geniş sənədlər paketinin təsdiqi nəzərdə tutulur.

Bundan əlavə, üzv dövlətlərin liderləri beynəlxalq və regional gündəlikdəki aktual məsələləri müzakirə edəcək, təşkilat çərçivəsində müttəfiqlik münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirəcəklər.