Tərtər, 9 noyabr, AZƏRTAC Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Tərtər Rayon İcra Hakimiyyətinin YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə keçirilən tədbirdə səsləndirilib.Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranlarının iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbir iştirakçıları Dövlət Rəmzləri Muzeyində Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövründə qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar ilə tanış olublar. Sonra 8 Noyabr – Şanlı Zəfər Gününə və 9 Noyabr Dövlət Bayrağı Gününə həsr edilmiş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Çıxış edənlər iştirakçıları 8 Noyabr – Şanlı Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib, hər iki günün əhəmiyyətindən danışıblar. Bildirilib ki, Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqları azad edərək ölkənin ərazi bütövlüyünü bərpa edib. Əldə edilmiş zəfərlər fonunda Azərbaycan xalqı Dövlət Bayrağı Gününü tamam başqa əhval-ruhiyyədə, böyük sevinc və qürurla qeyd edir.Tədbir Mədəniyyət Mərkəzi və Uşaq Gənclər İnkişaf Mərkəzinin birlikdə hazırladığı konsert proqramı ilə yekunlaşıb. Müxbir – Tahir Ağaməmmədov