Bakı, 8 noyabr, AZƏRTAC 8 Noyabr Azərbaycan xalqının yaddaşına həkk olunan əlamətdar gündür. Şuşanın işğaldan azad edildiyi bu tarix 44 günlük Vətən müharibəsinin taleyini müəyyənləşdirməklə yanaşı, Azərbaycanın dövlətçilik iradəsini, milli birliyini və müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdi.Bunu AZƏRTAC-a açıqlamasında türk ekspert Mehmet Emir Aksoy deyib.Onun sözlərinə görə, Azərbaycanın 8 Noyabr Zəfər Gününü anlamaq üçün yalnız cəbhədə baş verən hadisələrə nəzər salmaq kifayət deyil. Bu Zəfərin arxasında təxminən otuzillik tarixi yaddaş, itirilmiş torpaqların ağrısını daşıyan xalq və suverenlik hüquqlarından imtina etməyən dövlət anlayışı dayanır. İşğal illəri boyunca Azərbaycan beynəlxalq diplomatiyanın həll yolu ortaya qoymasını gözləyib, lakin davamlı nəticə əldə olunmadığı şəraitdə öz imkanlarını inkişaf etdirməyə və müdafiə qabiliyyətini gücləndirməyə davam edib.Mehmet Emir Aksoy qeyd edib ki, Şuşanın azad olunması Azərbaycan üçün yalnız strateji hərbi uğurun adı deyil. Şuşa Qarabağın tarixi yaddaşı, Azərbaycan mədəniyyətinin mühüm mərkəzlərindən biri və milli kimliyin rəmzlərindəndir. Buna görə də Şuşada Azərbaycan bayrağının dalğalanması hərbi uğurdan daha artıq məna daşıyır və tarixi-mədəni yaddaşın yenidən canlanmasını ifadə edir. “Bu Zəfərin regional və beynəlxalq nəticələrini diqqətlə qiymətləndirmək lazımdır. Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıq region ölkələri üçün yeni dövrün qapısını açıb. Artıq məsələ yalnız keçmişdə yaşanan münaqişələrin nəticələrini qiymətləndirmək deyil, həm də regionun gələcəyini hansı siyasi və iqtisadi əməkdaşlıq zəmininin formalaşdıracağını müəyyənləşdirməkdir. Davamlı sülh, qarşılıqlı suverenliyə hörmət, sərhədlərin tanınması və nəqliyyat xətlərinin yenidən fəaliyyətə başlaması Cənubi Qafqazın sabitliyi baxımından əsas məsələlərdir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər də bu tarixi dövrün ən mühüm strateji istiqamətlərindən biridir. Türkiyənin Vətən müharibəsi prosesində Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək iki ölkə arasındakı qardaşlıq bağlarının beynəlxalq müstəvidə güclü təzahürü olub. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn münasibətlər bu gün yalnız iki ölkənin təhlükəsizliyi baxımından deyil, Türk dünyasının gələcəyi üçün də mühüm strateji zəmin yaradır", - deyə o qeyd edib.Mehmet Emir Aksoy bildirib ki, qazanılmış Zəfərin həqiqi dəyərini yalnız hərbi uğurla ölçmək olmaz. Əsas məsələ bu tarixi nailiyyəti iqtisadi inkişafa, sosial rifaha, mədəni irsin dirçəldilməsinə və regional sabitliyə çevirməkdir. Qarabağda həyata keçirilən yenidənqurma və Böyük Qayıdış prosesi bu baxımdan Azərbaycanın gələcəyə yönəlmiş dövlət siyasətinin mühüm tərkib hissəsidir.“Bu gün 8 Noyabrı qeyd edərkən döyüşlərdə həyatını itirən şəhidləri, qaziləri və illərlə doğma yurdlarından uzaqda yaşamağa məcbur edilən azərbaycanlıları xatırlamaq Zəfərin tarixi mənasını dərk etmək baxımından böyük əhəmiyyət daşıyır.Tarix bəzən uzun gözləntilərin, səbrin və qətiyyətin ardından yenidən yazılır. Azərbaycan 2020-ci il noyabrın 8-də yalnız Şuşaya qayıtmayıb, həm də öz tarixinə, torpaqlarına və gələcəyinə sahib çıxmaq iradəsini dünyaya bəyan edib.“8 Noyabr Azərbaycanın Zəfəridir. Bu Zəfər Türk dünyasının ortaq yaddaşında daim yaşayacaq”, – deyə Mehmet Emir Aksoy fikirlərini yekunlaşdırıb.