Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib – FOTOLAR

Ağdaş şəhəri Heydər Əliyev meydanında Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2-ci mövsüm “Heyva Festivalı” keçirilib.

Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Milli Məclisin deputatları Sahib Alıyev və Məzahir Əfəndiyev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari və Mərkəzin təlimçi və benefisiarları, müxtəlif dövlət qurumlarının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri və rayon sakinləri iştirak ediblər. Ziyarətçilər arasında həmçinin media təmsilçiləri, sosial media fenomenləri, tanınmış blogerlər və çoxsaylı qonaqlar yer alıb.

Festivalın rəsmi hissəsindən əvvəl qonaqlar və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi rəhbərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Açılış hissəsində sevilən heyva maskotu və heyva qız obrazı qonaqları xüsusi səmimiyyətlə qarşılayaraq festivala fərqli rəng qatıblar. Daha sonra rəsmi çıxışlara start verilib.

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə iştirakçıları salamlayaraq, bildirib ki, artıq ənənəvi xarakter alan bu tədbir rayonun aqrar potensialının, milli-mədəni irsinin və turizm imkanlarının tanıdılmasına mühüm töhfə verir. Festivalda kənd təsərrüfatında tətbiq olunan müasir texnologiyalar və rəqəmsal həllər nümayiş etdirilməklə fermerlərin məlumatlandırılması və aqrar sahəyə marağın artırılması hədəflənir. Vurğulanıb ki, Ağdaşın mədəni, sosial və iqtisadi potensialını bir araya gətirən “Heyva Festivalı” milli birlik və yaradıcılıq ənənələrimizin təcəssümünə çevrilib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Prezident İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı nəticəsində ölkədə aqrar sahənin inkişafı, o cümlədən meyvəçiliyin genişləndirilməsi istiqamətində mühüm hədəflərin müəyyənləşdirildiyini qeyd edib. Nazir dövlət başçısının təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müasir intensiv bağların sahəsinin 50 min hektardan 70 min hektara çatdırılmasının qarşıya məqsəd qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, Ağdaşın ənənəvi “Heyva Festivalı” rayonun aqrar potensialının, fermerlərin istehsal etdiyi məhsulların və müasir aqrar texnologiyaların nümayiş etdirilməsi baxımından mühüm platformadır.

Milli Məclisin deputatı Sahib Alıyev bu cür festivalların bağçılıq və meyvəçiliyin inkişafına, eləcə də ölkənin ixrac potensialının artırılmasına mühüm töhfə verdiyini bildirib. Ağdaşın tarixi ənənələrinə toxunan natiq rayonun qədim dövrlərdən ticarət və ipəkçilik mərkəzlərindən biri kimi tanındığını qeyd edərək, festivalın gələcəkdə daha geniş miqyas alacağına əminliyini ifadə edib.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev festivalın kənd təsərrüfatının inkişafının, fermer və sahibkarların əməyinin, Azərbaycanın iqtisadi potensialının, ərzaq təhlükəsizliyinin və milli həmrəyliyinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, həmçinin “Böyük Qayıdış” Proqramı çərçivəsində

Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə də diqqət çəkib.

Çıxışlardan sonra tədbir iştirakçıları festivalda nümayiş olunan stendlərə baş çəkiblər.

Bu il ikinci dəfə təşkil edilən festivalda Ağdaşın meyvəçilik ənənələri, yerli istehsalı və zəngin milli-mədəni irsi geniş şəkildə nümayiş etdirilib. Ziyarətçilərə rayonda yetişdirilən heyvanın müxtəlif sortları, ondan hazırlanan mürəbbə, şirniyyat və digər kulinariya nümunələri təqdim olunub. Həmçinin kənd təsərrüfatı və sənətkarlıq məhsullarının sərgi-satışı təşkil edilib və alıcılara yerli məhsulları birbaşa istehsalçılardan almaq imkanı yaradılıb.

Ənənəvi dəyərlərlə yanaşı, festivalda müasir rəqəmsal transformasiya, texnoloji həllər və innovativ texnologiyaların inteqrasiyasına xüsusi yer ayrılıb. Ağıllı kənd təsərrüfatı idarəetmə sistemləri, e-hökumət həlləri, Əşyaların İnterneti (IoT) texnologiyaları və süni intellekt əsaslı innovativ layihələr, eləcə də robot texnikası, STEAM layihələri, startap fəaliyyətləri və alternativ enerji istiqamətindəki son yeniliklər festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbir çərçivəsində təşkil edilən geniş mədəniyyət, idman və əyləncə proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Proqramda dulusçuluq, keramika, xalçaçılıq, dekorativ toxuculuq, eco-art, floristika, rəsm, plener guşələri və ebruli sənəti üzrə ustad dərsləri keçirilib. Eyni zamanda milli folklor, musiqi və rəqs çıxışları, kəndirbazların və idmançıların maraqlı nümayişləri, körpələr evi-uşaq bağçalarının hazırladığı səhnəcik və rəqslər, həmçinin intellektual viktorinalar və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hazırlanan əl işlərindən ibarət xüsusi sərgi tədbirə rəng qatıb.

Ağdaş rayonunun kənd təsərrüfatı potensialını, yerli istehsalçıların məhsullarını və milli mətbəx nümunələrini nümayiş etdirmək, yerli təşəbbüsləri dəstəkləmək, eləcə də rayonun sosial-iqtisadi və turizm imkanlarını geniş şəkildə tanıtmağı hədəfləyən festival möhtəşəm konsert proqramı ilə davam edib. Konsertdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçi və benefisiarları, respublikanın tanınmış incəsənət xadimləri, eləcə də Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları çıxış edərək rayon sakinlərinə və qonaqlara unudulmaz anlar yaşadıblar.

Festival möhtəşəm atəşfəşanlıqla sona çatıb.