Azərbaycan Ordusunda yeni hərbi düzən: Müharibənin dəyişdirdiyi prioritetlər

8 Noyabr Zəfər Günü Azərbaycan tarixində dövlətin hərbi və siyasi reallıqlarının yenidən formalaşdığı mühüm bir mərhələnin rəmzidir. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, ölkənin müdafiə və təhlükəsizlik sistemində də yeni yanaşmaların formalaşmasına təkan verdi. Bu qələbə müasir döyüş təcrübəsinin, hərbi idarəetmənin və ordunun əməliyyat imkanlarının yenidən qiymətləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyırdı. Bəs Zəfərdən sonra Azərbaycan Ordusunda hansı əsas dəyişikliklər baş verdi və 44 günlük müharibənin təcrübəsi bugünkü hərbi hazırlıq sisteminə necə təsir göstərdi?

Məhz bu mövzuda Publika.az-ın suallarını cavablandıran hərbi ekspert Heydər Mirzənin sözlərinə görə, 2020-2023-cü illərdə baş verən 44 günlük Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri üçün mühüm təcrübə formalaşdırıb və hərbi quruculuq baxımından bir sıra dəyişikliklərin həyata keçirilməsini zəruri edib:

“Müharibədə qazanılan təcrübə Azərbaycan Silahlı Qüvvələrinin təlim və hazırlıq prosesinə də əhəmiyyətli təsir göstərdi. Hazırda keçirilən hərbi təlimlərin təşkili və icrası zamanı həmin təcrübələrdən əldə edilmiş nəticələr nəzərə alınır və tətbiq olunur.

Bunlardan biri Silahlı Qüvvələrin strukturunun yenidən təşkil edilməsi və Türkiyə Silahlı Qüvvələrinin modelinə keçid oldu. Müharibədən sonrakı dövrdə həyata keçirilən mühüm dəyişikliklərdən biri də komando birləşmələrinin yaradılmasdır. Diqqət yetirilməli digər mühüm məqam isə ərazi bütövlüyümüzün təmin edilməsindən sonra yaranmış yeni hərbi-strateji reallıqlar və bölmələrimizin, xüsusilə Ermənistanla dövlət sərhədi istiqamətində yerləşdirilməsidir”.

Ekspert qeyd etdi ki, müharibədən sonrakı mərhələdə Silahlı Qüvvələrin fəaliyyətində əsas diqqət mövcud hərbi potensialın təkmilləşdirilməsinə və yeni döyüş reallıqlarına uyğun hazırlıq mexanizmlərinin formalaşdırılmasına yönəlib:

“44 günlük Vətən müharibəsi genişmiqyaslı hərbi əməliyyat olduğundan, həmin dövrdə briqada səviyyəli birləşmələrin fəaliyyəti və hazırlığı xüsusi əhəmiyyət daşıyırdı. Müharibədən sonrakı dövrdə isə taktiki-operativ şəraitin dəyişməsi ilə əlaqədar olaraq, hərbi təlimlərdə prioritetlər də müəyyən qədər dəyişib. Belə ki, hazırda hazırlıq prosesində batalyon və bölük səviyyəli bölmələrə daha çox üstünlük verilir. Bu, dəyişən əməliyyat şəraitinə uyğunlaşmanın və döyüş hazırlığı sisteminin təkmilləşdirilməsinin təbii tərkib hissəsidir.

Ümumilikdə, müharibədən sonrakı dövrdə Azərbaycan Silahlı Qüvvələrində baş verən əsas dəyişiklikləri hərbi strukturun yenidən təşkili, komando birləşmələrinin yaradılması, təlim və döyüş hazırlığı sisteminin təkmilləşdirilməsi, eləcə də maddi-texniki təminat sahəsində yeniliklərin tətbiqi kimi bir neçə istiqamətdə ümumiləşdirmək mümkündür”.