Bakı, 8 noyabr, AZƏRTAC Leytenant Teymur Məcidzadə Vətəninə, peşəsinə olan sevgi ilə son nəfəsinədək döyüşüb. 28 yaşlı leytenant 2020-ci ilin noyabrında Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. AZƏRTAC-ın əməkdaşları onun qəhrəmanlıq yolu ilə bağlı anası Yasəmən Camalova ilə söhbətləşib. Müsahibəni təqdim edirik: -Yasəmən xanım, Teymuru necə xarakterizə edərdiniz? Bir qədər onun xarakterindən, uşaqlıq illərindən, Vətənə, torpağa bağlılığından danışardınız... -Bəzən deyirlər ki, mükəmməl, ideal insan yoxdur. Amma mən bu fikirlə heç vaxt razılaşmamışam. Çünki mənim üçün Teymur hər cəhətdən mükəmməl övlad idi. O, elə bil, ürəyimdən keçən hər şeyi hiss edirdi. Danışığı, hərəkətləri, davranışı, savadı, Vətənə bağlılığı, atasına, anasına, ailəsinə olan sevgisi – hər bir xüsusiyyəti ilə seçilirdi. Məsələn, qonşuluğumuzda Teymurla yaşıd, hətta ondan böyük oğlanlar da var idi. Bəzən görürdün ki, bir insanla rastlaşanda salam verməyə belə ərinirlər. Amma Teymur tamam başqa idi. Görürdü ki, qonşulardan kimsə xəstədir, əlində çantası var. Dərhal yaxınlaşır, çantasını əlindən alıb evinə qədər aparır, sonra da tələsik işinə gedirdi. Mən Teymurun əsəbiləşdiyini, ağladığını, özündən çıxdığını heç vaxt görməmişəm. Hətta bəzən öz-özümə düşünürəm ki, görəsən, Teymur ağlayanda necə olurdu? Çünki onun gözlərindən yaş axdığını görməmişəm. Nə əsəbiləşib kiməsə əl qaldırardı, nə də nəyisə dağıdıb sındırardı. Bir sözlə, Teymur hər cəhətdən nümunəvi övlad idi. -Teymur Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdi, necə oldu ki, o, hərbi peşəni seçdi? -Teymur universiteti bitirəndən sonra CV-sini bir neçə yerə təqdim etmişdi. Ancaq hərbi sahəyə daha çox həvəsli idi. Elə bil, Teymur hərbçi olmaq üçün doğulmuşdu. Bu, onun üçün sadəcə bir peşə seçimi deyildi, bir sevgi, həyat tərzi idi. O, hərbi formasını da çox sevirdi. Məsələn, yay aylarında köynəyin qolları qatlanardı. Teymur isə köynəyin qatlanmasına elə böyük diqqətlə yanaşırdı ki, heç bir əyrilik, geyimində bircə qırış belə olmasın. Ayaqqabısından tutmuş geyiminin hər bir detalına qədər hərbi formasını sevirdi. Mənə elə gəlir ki, Teymur hərbçi olmasaydı belə, yenə də gedib hərbi xidmətə başlayardı. -Vətən müharibəsi başlayanda Teymurun cəbhəyə yollanmaq qərarı necə oldu? -Müharibə ilə bağlı müəyyən söz-söhbətlər var idi. Ancaq heç kim açıq şəkildə müharibənin başlayacağını demirdi, amma əslində hamımız bunu hiss edirdik. Bilirdik ki, düşmən hücuma hazırlaşır, Azərbaycan Ordusu da müdafiə mövqelərini gücləndirir. Mən də qorxurdum, müharibə sözünü dilimə gətirməyə belə çəkinirdim.Həmin vaxt Teymur məzuniyyətdə idi. Eyni zamanda, Təlim-Tədris Mərkəzində italyan dili kurslarına gedirdi. Sentyabrın 27-də onu hərbi hissədən çağırdılar. Bildirdilər ki, xidməti işlə əlaqədar geri qayıtmalıdır. Hiss edirdim ki, bu, adi çağırış deyil, arxasında başqa bir səbəb var. Həmin gün evə gəldi, bir az yemək yedi. Sonra dedi ki, saat 16:00-da hərbi hissədə olmalıdır. Mən özümə yer tapa bilmirdim. Evdə gah içəri girir, gah çölə çıxırdım. O qədər narahat idim ki, Teymura da dedim ki, nə isə olacaq. O isə məni sakitləşdirməyə çalışırdı. Sentyabrın 27-də gecə gözümə yuxu getmədi. Həmin gecəyə aid yazışmalarımız hələ də telefonumda qalır. Tez-tez ona nə etdiyini yazırdım. Nəsə iş gördüyünü, niyə yatmadığımı soruşurdu. Səhərə yaxın, təxminən saat 6:30-7:00 radələrində mənə zəng etdi. Telefonu açan kimi arxa fondan çox güclü səslər eşitdim. Bir anlıq vahiməyə düşdüm. Səbəbini soruşanda dedi ki, Füzuli istiqamətinə gedir, camaat yolun kənarında dayanıb hərbçiləri alqışlayır. Elə həmin gündən mənim üçün narahat günlər başladı. -Teymur döyüşlərdə sonadək iştirak edib, Şuşada şəhid olub. Onunla sonuncu telefon danışığınızı necə xatırlayırsınız? -Teymurla sonuncu telefon danışığımız oktyabrın 30-da olub. Həmin vaxt o, Xocavənd rayonunda idi. Məndən soruşdu ki, heç Xocavənd rayonunda olmusanmı? Yox, dedim. Sonra Xocavəndin gözəlliyindən danışmağa başladı. Dedi ki, bura sözün əsl mənasında cənnətdir. Söylədi ki, biz 30 il ərzində nələrdən məhrum olmuşuq. Bu sözlərdən sonra bir qədər narahat oldum. Çünki mənə arxa cəbhədə olduğunu demişdi. Həmin gün xeyli danışdıq. Atası ilə söhbət etdi, bir neçə nəfərə də zəng vurdu. Sonra bir daha ona zəng etmək istədim, amma telefonuna zəng çatmadı. Telefonu söndürülmüşdü. Bəlkə də, gün ərzində yüz dəfə yığdım, amma zəng çatmadı. Özümə yer tapa bilmirdim. Təxminən 10 gün Teymurun səsini eşitmədim. Amma həmin günlərdə radiostansiya vasitəsilə arada xəbər göndərirdi. Onlar dağın başında olduqları üçün aşağı ilə əlaqə yaradır, atasının telefon nömrəsini verirdi ki, bizə xəbər çatdırsınlar. Bir az qabaqda olduğunu deyirdi. Şuşanın adını çəkməyə belə qorxurdum. Elə bilirdim, birdən deyər ki, Şuşadayıq. Sonradan xəbər tutduq ki, Şuşadadır. Elə bildim dünya başıma uçdu. Bir tərəfdən sevincdən özümə yer tapa bilmirdim, digər tərəfdən isə keçirdiyim hissləri ifadə edə bilmirdim. Teymur heç kimin bacarmadığını həyata keçirmişdi. Şuşaya gəlib çatmağı təsəvvür etmək belə çətin idi. Biz Füzuli rayonundan məcburi köçkün idik. Ömür boyu Şuşaya, Füzuliyə, Ağdama, Kəlbəcərə həsrətlə böyümüşük. İndi isə mənim oğlumun ayağı Şuşa torpağına dəymişdi. Həm sevinirdim, həm qürur duyurdum, eyni zamanda, içimdə izah edə bilmədiyim bir qorxu və həyəcan var idi. Hisslərim bir-birinə qarışmışdı. Sanki bütün yaşadıqlarım alt-üst olmuşdu. Teymur Füzuli rayonunda kəndimizi azad edəndə də orada olub. Həmin vaxt atasına zəng edib, onu sevindirmişdi. Bu da bizim üçün unudulmaz xatirədir. -Bəs, Teymurun şəhid olduğu gün yaddaşınızda necə qalıb? -Teymurun bir xüsusiyyəti var idi ki, əhvalının, səhhətinin yaxşı olmadığını heç vaxt mənə bildirməzdi. Bilirdi ki, narahat olub, hər şeyi ürəyimə salacağam. Ona görə də öz ağrılarını, çətinliklərini məndən gizlədirdi. Heç vaxt mənə şəhid ola biləcəyindən, başına nə isə gələcəyindən danışmazdı. Cəbhədən bizə zəng edəndə də çalışırdı ki, məni nigaran qoymasın. Atışmalar tam dayandıqdan, ətraf sakitləşdikdən sonra zəng edirdi. Halbuki Teymur və döyüş yoldaşları ön mövqelərdə, ən ağır döyüşlərin içində idilər. Teymur şəhidlik barədə düşüncələrini mənə yox, dayısı oğlu Elxana danışıb. Elxan da döyüş bölgəsində hərbçilərə kömək edir, maşın sürürdü. Teymurla görüşəndə ona tez-tez ehtiyatlı olmağı tapşırırmış. Teymur isə onu boynundan qucaqlayıb deyirmiş ki, şəhid olacağımdan qorxursan? Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunduğunu elan edəndə, bütün günü ağladım. Bilmirdim ki, sevincimdən ağlayıram, yoxsa həyəcanımdan. Mənə elə gəlirdi ki, Şuşa azad olunubsa, deməli, müharibə də bitib, Teymur da tezliklə evə qayıdacaq. Uşaqlar da zəng edib məni təbrik edirdilər ki, gözün aydın, Teymur Şuşanı aldı. Hər kəs onun qayıdacağı günü gözləyirdi. Müharibənin ilk günündən ürəyimə dammışdı ki, noyabrın 9-da hər şey bitəcək. Həmin tarixi böyük səbirsizliklə gözləyirdim. Düşünürdüm ki, noyabrın 9-u gəlsə, mən də rahat nəfəs alacağam. Həqiqətən də, noyabrın 9-da müharibə başa çatdı. Amma həmin gün mənim üçün həm də ən ağır günlərdən birinə çevrildi. Teymurun nəşini axşamüstü Bakıya gətirdilər. O, II Fəxri xiyabanda torpağa basdırıldı.Teymurgil Şuşada, İsa bulağının yerləşdiyi ərazidə, dağın zirvəsində mövqe tutmuşdular. Ora qalxmaq çox çətin idi, ərazidə özlərinə mövqe də hazırlamışdılar. Onların mövqeyi minamyotdan atəşə tutulub. Laçın, Xankəndi və Şuşanın hələ düşmən nəzarətində olan ərazilərindən güclü zərbələr endirilirmiş. Həmin hücum zamanı Teymurla birlikdə Tacəddin Əzizli və Heydər Qənbərzadə də şəhid olublar. Hərbçi yoldaşlarının danışdıqlarına görə, Teymur hücum zamanı ağır yaralanıb və təxminən yarım saat yaralı vəziyyətdə qalıb. Vahab adlı döyüş yoldaşının dizləri üstündə uzanıbmış. Vahab kömək üçün davamlı qışqırıb ki, komandiri yaralanıb. Teymur isə onu sakitləşdirməyə çalışıb. Teymur noyabrın 9-da, səhər saat 11 radələrində şəhid olub. Bu da onunla keçirdiyimiz 28 illik həyatın sonu idi. -Yəqin ki, Teymurun yoxluğu sizin üçün həm çətindir, həm də onun Vətən uğrunda şəhid olması ilə qürur duyursunuz... - İnsan harasa səfərə gedəndə, yaxud gəzməyə hazırlaşanda əşyalarını yığır, çamadanını qapının ağzına qoyur ki, sabah yola düşəcək. Mənim də çamadanım həmişə qapının ağzındadır. Özümü o qədər hazır hiss edirəm ki, elə bilirəm ki, hər an Teymura qovuşa bilərəm. Əvvəllər özümü həyata daha çox bağlamağa çalışırdım, indi isə bunu bacarmaq çətindir. Amma Allahın mənə verdiyi ömrü Teymurun adına layiq yaşamalıyam. Bu dünyadan köçəndə də oğlumun adına layiq bir insan kimi getməliyəm. Teymurla mənim ad günüm eyni gündədir. Həmişə ad günümüzü birlikdə qeyd etmişik. Onun 28 yaşı tamam olanda Füzuli rayonunda idi. Oradan mənə zəng edib ad günümü təbrik etdi, mən də onu təbrik etdim. Hər telefon danışığımızın sonunda mütləq bir söz deyirdim:” Teymur, bil ki, biz sənsiz heç kimik”. - Yasəmən xanım, gələcək nəsillərin Teymur Məcidzadəni necə xatırlamasını istərdiniz? - Teymur subay idi. Onun ailə qurmaması mənə çox ağır gəlirdi. Düşünürdüm ki, görəsən, gələcəkdə Teymurun adını, soyadını kim yaşadacaq? Amma bu gün məktəblərdən müəllimlər, şagirdlər bizim evimizə qonaq gəlirlər. O uşaqlar Teymur haqqında elə danışırlar ki, sanki onun həyatını əzbərləyiblər. Doğulduğu gündən şəhid olduğu günə qədər həyat yolunu təsvir edirlər, bəzən bunu danışarkən göz yaşlarını da saxlaya bilmirlər. Onda anladım ki, Teymur heç vaxt unudulmayacaq. Artıq düşünürəm ki, Teymurun da böyük bir ailəsi var. Onun övladı olmasa da, onu yaşadan, adını gələcək nəsillərə çatdıran yüzlərlə, minlərlə insan var. Nə qədər ki belə fədakar müəllimlərimiz, vətənpərvər şagirdlərimiz var, Teymur yaşayacaq. Müəllimlərimiz onun qəhrəmanlığını uşaqlara öyrədir, onlar da bu xatirəni gələcək nəsillərə ötürürlər. Hamı fəxrlə deyir ki, Teymur Şuşada şəhid olub, Şuşanın azadlığı uğrunda döyüşüb. Teymurun adının əbədiləşdirilməsi də bizim üçün böyük təsəllidir. Pirallahı rayonunda onun adına küçə verilib. "Füzulinin azad olunmasına görə", “ Cəbrayılın azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalı, “Vətən uğrunda”, 3-cü dərəcəli“ Rəşadət ordeni” ilə təltif edilib. Müxbir - Günel Türksoy Videooperator - Ələkbər Baxşiyev