Bakı, 8 noyabr, AZƏRTAC 8 Noyabr – Zəfər Günü Azərbaycan hərb tarixinin ən möhtəşəm hadisələrindən biri, xalqımızın qəhrəmanlıq salnaməsinin qürurverici səhifəsidir. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini, hərbi qulluqçularımızın peşəkarlığını, xalqımızın Vətən sevgisini və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi Qələbə təsadüfi və gözlənilməz hadisə deyildi. Bu uğurun arxasında illərlə davam edən ordu quruculuğu, müdafiə sənayesinin inkişafı, hərbi kadrların hazırlanması, müasir texnologiyaların tətbiqi və dövlətin ardıcıl təhlükəsizlik siyasəti dayanırdı. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib. O bildirib ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən güclü Azərbaycan dövlətinin qurulmasını və milli təhlükəsizliyin təmin edilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirmişdi. Bu siyasətin mühüm istiqamətlərindən biri Azərbaycan Ordusunun müasir standartlara uyğun formalaşdırılması idi. Uzun illər ərzində müdafiə sektoruna ayrılan maliyyə vəsaitlərinin artırılması, müasir silah sistemlərinin alınması, hərbi hissələrin maddi-texniki təminatının yaxşılaşdırılması və hərbi təlimlərin intensivləşdirilməsi ordumuzun imkanlarını genişləndirdi. Azərbaycan müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlıq quraraq müdafiə təchizatının mənbələrini şaxələndirdi. Bununla yanaşı, yerli hərbi sənaye kompleksinin yaradılması və inkişaf etdirilməsi müdafiə sahəsində ölkəmizin öz imkanlarına əsaslanmasına şərait yaratdı.Deputat qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribatları nəticəsində Vətən müharibəsi başladı. Ermənistanın müxtəlif istiqamətlərdən həyata keçirdiyi hücumlara cavab olaraq Prezident İlham Əliyevin qərarı ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Bu, yalnız hərbi əməliyyatların başlanması deyildi. Bu, 30 ilə yaxın müddətdə doğma yurdlarından ayrı düşmüş insanların qayıdış ümidi, işğal altında olan torpaqlarımızın azadlığı və tarixi ədalətin bərpası uğrunda mübarizənin yeni mərhələsi idi. Müharibənin ilk günlərindən Azərbaycan Ordusu yüksək döyüş əzmi nümayiş etdirdi. Cəbhənin müxtəlif istiqamətlərində əldə edilən uğurlar hərbi əməliyyatların gedişinə ciddi təsir göstərdi. Hər gün yeni ərazilərin azad edilməsi xalqda böyük ruh yüksəkliyi yaradır, qələbəyə olan inamı daha da artırırdı. 44 gün ərzində Azərbaycan Ordusu düşmənin uzun illər ərzində qurduğu müdafiə istehkamlarını yararaq irəlilədi. Ermənistanın işğal etdiyi ərazilərdə yaratdığı çoxpilləli müdafiə sistemi, möhkəmləndirilmiş mövqelər və hərbi infrastrukturu Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı qarşısında davam gətirə bilmədi. Azərbaycan Ordusunun uğurlarının dünyanın müxtəlif ölkələrində hərbi ekspertlərin diqqətini cəlb etdiyini bildirən Ş.Seyidzadə əlavə edib ki, Vətən müharibəsi Azərbaycan hərb tarixində qəhrəmanlıq nümunələri ilə yadda qaldı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və digər istiqamətlərdə aparılan döyüşlərdə hərbçilərimiz misilsiz şücaət göstərdilər. Çətin relyef şəraitində, mürəkkəb döyüş vəziyyətlərində və güclü müdafiə mövqelərinə qarşı həyata keçirilən əməliyyatlar ordumuzun yüksək hazırlığını ortaya qoydu. Müharibənin ən mürəkkəb və həlledici mərhələlərindən biri Şuşa uğrunda döyüşlər idi. Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın azad edilməsi strateji əhəmiyyət daşımaqla yanaşı, böyük mənəvi məna kəsb edirdi. Noyabrın 8-də Şuşanın azad edilməsi xəbəri bütün Azərbaycan xalqında böyük sevinc və qürur hissi yaratdı. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində Şuşanın azad olunduğunu elan edərək bu tarixi hadisənin əhəmiyyətini vurğuladı. Şuşanın azad edilməsi ilə Vətən müharibəsinin taleyi, əslində, həll olunmuşdu. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar mühüm hərbi-siyasi nəticələrlə tamamlandı.“8 Noyabr – Zəfər Günü hər bir azərbaycanlıya bir həqiqəti xatırladır: müstəqillik və suverenlik yalnız bəyanatlarla deyil, güclü dövlət, qüdrətli ordu, milli birlik və fədakarlıqla qorunur. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbə bu həqiqətin parlaq təsdiqidir. Bu Qələbə gələcək nəsillər üçün də vətənpərvərlik, cəsarət və dövlətə sədaqət nümunəsi olaraq qalacaq”, - deyə o vurğulayıb.
Azərbaycan Ordusunun qəhrəmanlığı və hərb tarixində yeni səhifə ŞƏRH
Mənbə: azertag.az/xeber/azerbaycan_ordusunun_qehremanligi_ve_herb_tarixinde_yeni_sehife__serh-4501158