Bakı, 7 noyabr, AZƏRTAC Avropada genişlənən etiraz dalğası təsadüfi sosial narazılıq deyil. Bu, özünü demokratiyanın, insan hüquqlarının və siyasi azadlıqların əsas müdafiəçisi kimi təqdim edən Avropa siyasi elitasının idarəçilik fəlsəfəsinə, qərarlarına və cəmiyyət qarşısında məsuliyyətinə verilən ciddi ictimai qiymətdir. Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib. O qeyd edib ki, uzun illərdir Avropa dövlətlərinin rəhbərləri dünyanın müxtəlif bölgələrində demokratiya, insan hüquqları, söz və sərbəst toplaşmaq azadlığı haqqında mühazirələr oxuyur, digər ölkələrə siyasi dərs verməyə çalışırlar. “Lakin bu gün Avropanın öz şəhərlərində baş verən hadisələr həmin siyasi ritorikanın nə qədər yanlış və qeyri-səmimi olduğunu göstərir. Fransa başda olmaqla bir sıra Avropa ölkələrində genişlənən etirazlar artıq ayrı-ayrı sosial qrupların narazılığı çərçivəsində deyil. Bu aksiyalarda tələbələr, müəllimlər, fəhlələr, fermerlər, pensiyaçılar və müxtəlif sosial təbəqələrin nümayəndələri iştirak edirlər. Onların tələbləri fərqli olsa da, narazılıqların mərkəzində eyni problem dayanır - siyasi hakimiyyətlə cəmiyyət arasında etimadın zəifləməsi. Bahalaşma, mənzil probleminin dərinləşməsi, əməkhaqlarının yaşayış xərclərinə uyğun artmaması, təhsil və səhiyyə sistemlərindəki problemlər milyonlarla insanın gündəlik həyatına təsir edir. Xüsusilə gənc nəsil gələcəyə əvvəlki nəsillər qədər inamla baxmır. Təhsil almaq, iş tapmaq, mənzil sahibi olmaq və normal həyat qurmaq getdikcə daha çətinləşir. Bir vaxtlar sosial təminat və sabitlik nümunəsi hesab edilən Avropada gənclərin gələcəklə bağlı narahatlığının kütləvi etirazlara çevrilməsi siyasi elita üçün ciddi xəbərdarlıqdır. Burada əsas məsələ təkcə iqtisadi çətinliklər deyil. Əsas problem hakimiyyətlərin cəmiyyətin real ehtiyaclarına adekvat cavab verə bilməməsi, siyasi qərarların qəbulunda vətəndaşların maraqlarını ikinci plana keçirməsidir.Avropada etirazların genişlənməsinin digər mühüm səbəbi siyasi elitanın cəmiyyətin gündəlik problemlərindən uzaqlaşmasıdır. Vətəndaşlar hakimiyyətlərdən mürəkkəb geosiyasi strategiyalar deyil, ilk növbədə, normal yaşayış şəraiti, təhlükəsiz gələcək, münasib qiymətlərlə mənzil, keyfiyyətli təhsil, əlçatan səhiyyə və ədalətli əməkhaqqı gözləyirlər. Lakin siyasi gündəmin bəzən cəmiyyətin real ehtiyaclarından daha çox hakimiyyət mübarizəsinə, seçki hesablamalarına və beynəlxalq siyasi ambisiyalara yönəlməsi narazılığı artırır”, - deyə politoloq vurğulayıb.Bu gün Avropada baş verən etirazların yalnız Fransa, Almaniya, İtaliya və ya İspaniyanın daxili problemi kimi qiymətləndirilməməli olduğunu deyən Yalçın Hacızadə bu hadisələrin bütövlükdə Avropa siyasi sisteminin qarşısında duran sualları üzə çıxardığını sözlərinə əlavə edib: “Avropa rəhbərləri anlamalıdırlar ki, demokratiya yalnız başqa ölkələrin siyasi sistemlərini tənqid etmək vasitəsi deyil. Demokratiya ilk növbədə öz vətəndaşının hüququna hörmət etmək, onun səsini eşitmək və dövlətin məsuliyyətini qəbul etməkdir”.