Zəfərimiz Sarayevoda QEYD OLUNDU: Təyyar Bayramovun konsertindən FOTOLAR

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Azərbaycanın Zəfər Günü münasibətilə təntənəli konsert təşkil olunub.

Azərbaycanın Bosniya və Herseqovinadakı Səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə ustad xanəndə, Milli Konservatoriyanın dosenti, Prezident mükafatçısı, Əməkdar artist Təyyar Bayramov zəngin və rəngarəng konsert proqramı ilə çıxış edib.

Tamaşaçılara Azərbaycanın qədim muğam ənənəsinin incəliklərini əks etdirən unudulmaz musiqi axşamı bəxş olunub. Hər bir musiqi nömrəsi tamaşaçıların alqışları ilə müşayiət olunub.

“Zəfər Günümüz münasibəti ilə gözəl konsert proqramı ilə çıxış etdik. Hörmətli səfirimiz Vilayət Quliyevə və səfirliyin kollektivinə dəvət və göstərilən diqqətə görə dərin minnətdarlığımı bildirirəm”, – T. Bayramov vurğulayıb.

Qeyd edək ki, Təyyar Bayramovu Beynəlxalq Muğam Mərkəzinin solistləri Rəşad İbrahimov (tar), Təbriz Yusubov (kamança) və Elnur Əliyev (nağara) müşayiət ediblər.

Konsertdən fotoları təqdim edirik: