Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən sahibkarlar üçün vergi, gömrük və kommunal xidmətlərlə bağlı geniş güzəştlər nəzərdə tutulub. Bu mexanizmlər regiona investisiya cəlb edilməsini və müəssisələrin fəaliyyət xərclərinin azaldılmasını hədəfləyir.
Banker.az saytının verdiyi məlumata görə, 2023-cü il yanvarın 1-dən işğaldan azad edilmiş ərazilərin rezidentləri üçün mənfəət və gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə 10 illik azadolma tətbiq olunur. Eyni zamanda, həmin ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdar və iştirakçılarının dividend gəlirləri də 10 il müddətinə vergidən azad edilir.
Sahibkarlara müəyyən fəaliyyət istiqamətləri üzrə istehsal avadanlıqları, texnoloji qurğular, xammal və materialların idxalı zamanı əlavə dəyər vergisi və gömrük rüsumlarından azadolmalar da nəzərdə tutulub. Bu güzəştlər müvafiq qanunvericilik şərtləri daxilində 10 illik dövrü əhatə edir.
Dövlət dəstəyi yalnız vergi və gömrük güzəştləri ilə məhdudlaşmır. Regionda istehsal fəaliyyəti göstərən rezidentlərin kommunal xidmətlərə görə daxili tariflərlə hesablanmış ödənişlərinin 20 faizi dövlət büdcəsindən maliyyə yardımı hesabına qarşılanır.
Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən müəssisələr həm vergi yükünün, həm də istehsal üçün zəruri kommunal xərclərin azaldılması imkanlarından yararlana bilirlər.