Bakı, 6 noyabr, AZƏRTAC Bakı Dövlət Universitetində (BDU) Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” mövzusunda respublika elmi-praktik konfransı başa çatıb. BDU-dan AZƏRTAC-a bildirilib ki, konfransın “Azərbaycan radiosu: tarixi inkişaf və milli yaddaş”, “Radiojurnalistikanın elmi-nəzəri və metodoloji problemləri”, “Çağdaş radioyayım: rəqəmsal transformasiya, ənənə və müasir çağırışlar” mövzuları üzrə keçirilən üç bölməsi üzrə 40-dan çox məruzə dinlənilib. Məruzələrdə Azərbaycan radiosunun tarixi inkişaf mərhələləri, milli-mədəni irsin qorunmasında və ictimai yaddaşın formalaşmasında rolu, radiojurnalistikanın nəzəri və praktiki əsasları, müasir media mühitində informasiya etibarlılığı və jurnalist məsuliyyəti kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, rəqəmsallaşma şəraitində radioyayımın yeni inkişaf perspektivləri, süni intellekt texnologiyalarının radio istehsalına tətbiqi, podkast və yeni audioformatların imkanları, auditoriya ilə qarşılıqlı əlaqənin müasir modelləri və ənənəvi radio ilə rəqəmsal platformaların inteqrasiyası istiqamətində aktual yanaşmalar təqdim olunub. Çıxışlarda, həmçinin dəyişən informasiya mühitinin radiojurnalistika qarşısında yaratdığı yeni reallıqlar, peşəkar standartların qorunması, məzmunun keyfiyyətinin artırılması və milli radio ənənələrinin müasir texnoloji imkanlarla uzlaşdırılması ilə bağlı təkliflər irəli sürülüb.