2027-ci ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi və sosial siyasətinin əsas istiqamətlərini müəyyənləşdirəcək. Büdcə xərclərinin hansı sahələrə yönəldilməsi, xüsusilə sosial müdafiə, səhiyyə, təhsil və infrastruktur layihələrinə ayrılacaq vəsait əhalinin rifahına birbaşa təsir göstərə bilər. Eyni zamanda, minimum əməkhaqqı və pensiyaların artırılması, inflyasiya və əhalinin alıcılıq qabiliyyətinin qorunması məsələləri də diqqət mərkəzindədir. Yeni büdcənin sosial xərcləri artırması ilə yanaşı, bu vəsaitlərin əhalinin gündəlik həyatında real müsbət dəyişiklik yaradıb-yaratmayacağı da maraq doğurur.
Maraqlıdır, 2027-ci ilin dövlət büdcəsi əhalinin sosial rifahının yüksəldilməsi baxımından hansı real imkanlar yaradır və vətəndaşlar bu büdcənin təsirini gündəlik həyatlarında nə dərəcədə hiss edə biləcəklər?
Milli Məclisin deputatı Vüqar Bayramov Editor.az-a açıqlamasında bildirib ki, 2027-ci ilin büdcəsi sosialyönümlü olacaq:
“Belə ki, növbəti ilin dövlət büdcəsindən sosial istiqamətə 18,7 milyard manat və ya büdcə xərclərinin 44 faizi həcmində vəsait yönəldiləcək. Əslində, bu, yeni sosial paketin icra olunacağı anlamına gəlir. Eyni zamanda, bəlli olur ki, cənab Prezidentin tapşırığına uyğun olaraq reallaşacaq sosial paket həm daha çox vətəndaşımızı əhatə edəcək, həm də təbii ki, bu, mahiyyət etibarilə daha yüksək artım faizləri ilə ifadə olunacaq. O baxımdan, gələn il bütövlükdə sosial istiqamətə ayrılan vəsaitlərin həcminin artması birmənalı şəkildə 2027-ci ilin dövlət büdcəsinin əsas istiqaməti olaraq müəyyənləşib.
Bu kontekstdə, sözsüz ki, növbəti il sosial istiqamətə ayrılan vəsaitlərin həcmində artımlar müşahidə olunacaq. Sosial istiqamətlə yanaşı, Azərbaycan üçün prioritet olan hərbi təhlükəsizliyimizin və müdafiə qabiliyyətimizin daha da gücləndirilməsi istiqamətinə ayrılan vəsaitlər də büdcədə, sözsüz ki, mühüm paya malikdir. 3,5 milyard manat Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına yönəldiləcək. İşğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətinə ayrılan vəsaitin həcmi də onu göstərir ki, məhz bu istiqamət 2027-ci ildə də prioritet olaraq qalacaq.
Təbii ki, təhsil, elm və səhiyyə xərcləri də öz prioritetliyini qoruyub saxlayır. Bu istiqamətlər üzrə də ayrılan vəsaitin həcmində artımlar nəzərdə tutulub. Xüsusilə nəzərə alsaq ki, növbəti ilin dövlət büdcəsindən 42,4 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur, bu da təbii ki, 2027-ci ildə fiskal istiqamətə daha çox vəsaitin ayrılması anlamına gəlir. O baxımdan, 2027-ci ilin dövlət büdcəsi həm vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinin sürətlənməsinə, eyni zamanda, Azərbaycanın müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin daha da güclənməsinə xidmət edəcək”.
//Gülnarə Abasova, Editor.az