Möhtərəm cənab Prezident!
Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsindəki möhtəşəm Qələbəmiz milli birliyimizin, sarsılmaz iradəmizin və dövlətimizin qüdrətinin təntənəsidir. Bu tarixi Zəfərin əbədiləşdirilməsi məqsədilə Zəfər Gününün təsis edilməsi ilə bağlı qəbul etdiyiniz qərar dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir.
Zəfər Gününün ilkin olaraq 10 noyabr tarixinə müəyyənləşdirilməsi, daha sonra isə 8 noyabr tarixinə keçirilməsi ilə bağlı qərarınız özündə dərin siyasi məna, tarixi həssaslıq və mənəvi dəyərlərə ehtiramı birləşdirir. Qardaş Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım gününə hörmətlə yanaşılması və eyni zamanda Şuşa şəhərinin işğaldan azad edildiyi günün Azərbaycanın Zəfər Günü kimi təsbit olunması müdrik dövlətçilik yanaşmasının parlaq nümunəsidir.
Möhtərəm cənab Prezident, Şuşanın azad edilməsi Azərbaycanın hərb tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil olmaqla yanaşı, milli kimliyimizin, mədəni irsimizin və tarixi yaddaşımızın bərpası baxımından da müstəsna əhəmiyyət daşıyır. Məhz bu səbəbdən 8 Noyabrın Zəfər Günü kimi müəyyənləşdirilməsi xalqımızın qələbə sevincini Şuşanın tarixi və mənəvi rəmzi ilə əbədi şəkildə birləşdirir.
Bu qərar, eyni zamanda, Azərbaycanın öz milli maraqlarını qətiyyətlə qoruyan, tarixi həqiqətlərə sahib çıxan və dostluq münasibətlərinə yüksək dəyər verən müstəqil dövlət olduğunu bir daha nümayiş etdirir. 8 Noyabr xalqımızın yaddaşında yalnız hərbi Qələbənin deyil, həm də milli ləyaqətin, birliyin və gələcəyə inamın rəmzi olaraq yaşayacaqdır.
Möhtərəm cənab Prezident, dövlətçilik tariximizdə mühüm iz qoyan bu qərar dərin mahiyyətə və böyük əhəmiyyətə malikdir. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin olunması, milli qürurumuzun bərpası və tarixi Zəfərimizin əbədiləşdirilməsi istiqamətində fəaliyyətinizə görə Sizə dərin ehtiramımı bildirirəm.
Uca Tanrı Azərbaycan dövlətini və xalqımızı qorusun!
Zəfərimiz əbədi, dövlətçiliyimiz sarsılmaz, gələcəyimiz parlaq olsun!
Dərin hörmət və ehtiramla,
Rəşad Abbasov, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin üzvü
Azərbaycan Respublikası, Gəncə şəhəri.