ADY bayram günlərində əlavə qatar reysləri təyin edib

“Azərbaycan Dəmir Yolları” (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilən 7–10 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ADY-dən verilən məlumata görə, bayram günlərində sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin təşkili, artan tələbatın qarşılanması məqsədilə bir sıra istiqamətlərə əlavə reyslər təyin olunub.

Noyabrın 7, 8, 9 və 10-da Bakı–Qəbələ–Bakı marşrutu üzrə reyslər təşkil ediləcək. Qatar Bakıdan saat 07:30-da, Qəbələdən isə saat 19:00-da yola düşəcək.

Həmin tarixlərdə Bakı–Ağstafa–Bakı marşrutu üzrə də hər iki istiqamətdə əlavə reyslər təyin edilib. Qatar Bakı Dəmiryol Vağzalından saat 09:20-də, Ağstafa stansiyasından isə saat 17:15-də hərəkətə başlayacaq.

Bakı–Qazax–Bakı marşrutu üzrə hərəkət edən müasir qatarlar qeyri-iş günlərində də ənənəvi qrafiklə fəaliyyətini davam etdirəcək.

Bundan əlavə, noyabrın 8-də Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə reyslər təşkil olunacaq. Qatar Gəncədən saat 07:15-də, Mingəçevirdən isə saat 08:40-da yola düşəcək.

Noyabrın 7–10-da Abşeron dairəvi dəmir yolu üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli ilə təşkil ediləcək.

Hərəkət qrafiki və biletlərlə bağlı məlumatları ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən, dəmiryol kassalarından və ya sutka ərzində fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.