“Bu gün Azərbaycan teleradiosunun tarixində əlamətdar gündür. Düz 100 il əvvəl – 1926-cı il noyabrın 6-da “Diqqət, danışır Bakı!” sözləri ilə ilk dəfə efirə çıxan Azərbaycan Radiosu milli yayım tariximizin əsasını qoydu, xalqımızın ictimai və mədəni həyatında, milli dəyərlərimizin təbliğində və maarifçilik ənənələrinin inkişafında mühüm rol oynadı”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımda qeyd edib.
“1956-cı il fevralın 14-də Azərbaycan Televiziyasının fəaliyyətə başlaması ilə bu tarixi yol yeni mərhələyə keçdi.
Televiziya və radio ötən illər ərzində ölkəmizin ictimai-siyasi və mədəni həyatının salnaməsini yaradaraq, xalqımızın tarixini və milli-mənəvi irsini gələcək nəsillərə çatdıran mühüm informasiya vasitələrinə çevrildi.
Bu gün Azərbaycan televiziya və radiosu zəngin tarixi ənənələrini yaşatmaqla yanaşı, müasir dövrün tələblərinə uyğun inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən media islahatları institusional potensialın gücləndirilməsinə, teleradio yayımının texniki imkanlarının genişləndirilməsinə, rəqəmsal platformalara inteqrasiyaya, proqramların mövzu müxtəlifliyinin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Dövlətimizin başçısının media nümayəndələrinin fəaliyyətinə göstərdiyi diqqət və qayğı da xüsusi minnətdarlıq doğurur.
Prezident İlham Əliyevin 2026-cı il noyabrın 5-də bir qrup media nümayəndəsini təltif etməsi bu sahəyə uzun illər sədaqətlə xidmət edən peşəkarların əməyinə verilən yüksək qiymətin təzahürüdür. Azərbaycan Radiosunun 100 illik yubileyi və televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bütün teleradio əməkdaşlarını, o cümlədən bu sahənin veteranlarını ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, yaradıcılıq uğurları və yeni nailiyyətlər arzulayıram!”, - Prezidentin köməkçisi yazıb.