Bakı, 6 noyabr, AZƏRTAC Azərbaycanda keçirilən əmlak sərgiləri, bir qayda olaraq, daha çox xarici ölkələrin tikinti şirkətlərinin öz layihələrini nümayiş etdirməsi ilə yadda qalır. Lakin builki “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi bu baxımdan fərqlənir. Belə ki, sərgidə əsas diqqət yerli tikinti şirkətlərinin həyata keçirdiyi və gələcəkdə reallaşdırmağı planlaşdırdığı layihələrə yönəlib.AZƏRTAC xəbər verir ki, bunu əmlak eksperti Elnur Fərzəliyev “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində deyib.O bildirib ki, sərgi vətəndaşlara paytaxtın müxtəlif ərazilərində həyata keçiriləcək tikinti layihələri, yeni yaşayış kompleksləri və şəhərsalma planları ilə yaxından tanış olmaq imkanı yaradır. “Eyni zamanda, mənzil almaq istəyən şəxslər tikinti şirkətlərinin rəhbərləri və nümayəndələri ilə birbaşa əlaqə saxlayaraq layihələr, sənədləşmə prosesi və tikinti standartları barədə ətraflı məlumat əldə edə bilirlər. Yeni yaşayış komplekslərinin layihələndirilməsi zamanı binalararası məsafələrin, infrastrukturun və digər tikinti normalarının nəzərə alınması şəhərlərdə həddindən artıq sıxlığın qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır. Sərgidə nümayiş etdirilən maketlər vasitəsilə vətəndaşlar yalnız tikiləcək binalarla deyil, həmin ərazilərdə yaradılması nəzərdə tutulan sosial və infrastruktur obyektləri ilə də tanış ola bilirlər”, - deyə Elnur Fərzəliyev qeyd edib. Ekspert vurğulayıb ki, "AIREX 2026" sərgisi yerli tikinti sektorunun imkanlarının nümayişi, investorlarla işgüzar əlaqələrin genişləndirilməsi və daşınmaz əmlak bazarında şəffaflığın artırılması baxımından mühüm platformadır. Müəllif-Vüqar Qurbanoğlu Fotoqraf-Xanlar Əlizadə Videooperator-Şövqi Əzizov