Bakı, 6 noyabr, AZƏRTAC Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “PropTech” istiqamətində fəaliyyətə başlayarkən əsas hədəflərdən biri daşınmaz əmlak əməliyyatlarının və torpaq sahələri ilə bağlı məlumatların rəqəmsallaşdırılması olub.AZƏRTAC xəbər verir ki, bunu "Dubay PropTech" Biznes Qrupunun sədr müavini Karim Helal “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən “Rəqəmsal daşınmaz əmlak ekosistemi – banklar, developerlər və texnologiyaların inteqrasiyası” adlı panel müzakirəsində çıxışı zamanı deyib.O bildirib ki, BƏƏ daşınmaz əmlak əməliyyatlarına dair məlumatları API-lər vasitəsilə açıq istifadəyə təqdim etməsi bu sahədə analitik modellərin qurulmasına geniş imkan yaradıb. “Tarixi məlumatlar və real əməliyyatlar əsasında bazarın inkişaf istiqamətini, əmlakın optimal alış qiymətini və investisiyanın gəlirliliyini müəyyənləşdirmək mümkündür. Süni intellekt daşınmaz əmlak sektorunda proseslərin sürətləndirilməsi və daha səmərəli qərarların qəbul edilməsi üçün böyük imkanlar yaradır. Lakin bu texnologiyanın effektiv tətbiqi üçün ilk növbədə etibarlı məlumat bazası və düzgün yoxlama mexanizmləri olmalıdır. Süni intellekt bəzən yanlış və reallığa uyğun olmayan nəticələr təqdim edə bilər. Buna görə də onun hazırladığı məlumatlar insan tərəfindən yoxlanılmadan qərarların qəbulunda əsas götürülməməlidir”, - deyə K.Helal vurğulayıb. O əlavə edib ki, süni intellektdən düzgün istifadə iş proseslərini sürətləndirdiyi kimi, yanlış tətbiq olunduqda səhvlərin də artmasına səbəb ola bilər: “Buna görə də texnologiyanın imkanlarından faydalanmaq, eyni zamanda, onun təqdim etdiyi nəticələrə kor-koranə etibar etməmək vacibdir”. Müəllif-Vüqar Qurbanoğlu Fotoqraf-Xanlar Əlizadə Videooperator-Şövqi Əzizov