Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək

Azərbaycanda daxili istehsal və idxal olunan yanacaq məhsullarının tədarük, daşınma və satış mərhələlərinə nəzarəti gücləndirmək üçün markalanma və izlənilməsi mexanizminin tətbiqi nəzərdə tutulur. Bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisdə çıxışı zamanı bildirib.

“Vergi nəzarətinin effektivliyinin artırılması istiqamətində nəzərdə tutulan mühüm yeniliklərdən biri yanacağın markalanması və izlənilməsi mexanizminin tətbiqi ilə bağlıdır. Dövlət Vergi Xidməti tərəfindən uzun müddətdir ki, bu sahədə beynəlxalq təcrübə və mümkün tətbiq mexanizmləri araşdırılır. Aparılmış təhlillər və hazırlıq işləri nəticəsində artıq bu mexanizmin praktik tətbiqinə keçid üçün imkanlar formalaşıb”, – o qeyd edib.

O bildirib ki, mexanizmin tətbiqi yanacaq məhsullarının tədarükündən satışına qədər bütün mərhələlərdə vergitutma və dövriyyə üzrə zəncirboyu nəzarətin təmin edilməsinə imkan verəcək.