Qorxudan səbətini dolduranlar - Biz niyə hər dəfə eyni oyuna düşürük?

Hər bir evdar qadının, ailəcanlı kişinin evində ərzaq ehtiyatı saxlaması əslində çox yaxşı xüsusiyyətdir. Amma ilbəil yayılan “qiyamət günü”, “qıtlıq olacaq”, “Nüvə partlayacaq” təşvişi altında mağazaların evinə daşıması həm küyə getməkdir, eyni zamanda çox gülünc görüntüdür.

Lakin insanların narahatlığından istifadə edib süni qıtlıq qorxusu yaratmaq kommersiya baxımından kifayət qədər sərfəli olsa da, peşə mədəniyyətinə, sağlam ticarət qaydalarına sığmayan hərəkətdir.

Bəs bu təkrarlanan “sil-süpür” prosesi əslində nəyə hesablanıb? Qorxu vasitəsilə qazanmaq marketinq hiyləsidir?

Marketoloq Sevinc Qəhrəmanova Bizim.Media-ya belə bildirdi ki, bu cür təlaş metodu ilə alış-verişdə ilk baxışda marketlərin qazanması aldadıcı görünüşdür:

“Əgər hər hansı marketlər şəbəkəsi belə aldadıcı satışdan məmnundursa, demək ki gələcəyə hesablanmamış, ciddi marketinq və rəqabət sistemi qurulmamış bir bir ticarət obtektidir. Çünki hər bir ciddi marketoloq belə süni qıtlıq görüntüsünün real bazar qıtlığına çevriləcəyini çox yaxşı dərk edir. Belə ki, əvvəlcə qıtlıq qorxusu yaranır, sonra insanların davranışı həmin qıtlığı reallığa çevirir”.

Əvvəl qorxudurlar, sonra satırlar

Marketoloq bu işdə medianın, sosial şəbəkələrin də böyük rolu olduğunu bildirdi. O qeyd etdi ki, müxtəlif informasiya kanallarında ərzaq çatışmazlığı, qiymət artımı, müharibə barədə xəbərlər yayılır. Hətta real əsası olsa belə şişirdilir. Vətəndaşlar da yayılan xəbərlərdən təşvişə düşüb kor-koranə ehtiyat toplamağa keçir:

“Eyni davranışı dəfələrlə təkrarlandıqca, mağazaların ehtiyatı sürətlə tükənir, anbarlar boşalır. Yeni məhsullar gələnə qədər boş rəflər panika yaradır. Tələbatın kəskin artması, təchizatın gecikməsi və bəzi satıcıların da bundan istifadə etməsi nəticəsində qiymətlər yüksələ bilər”, – deyə mütəxəssis vurğuladı.

Bəs cəmiyyət hər dəfə eyni psixoloji ssenariyə niyə aldanır?

Demək olar, hər bir neçə ildənbir cəmiyyət oxşar ssenari ilə qarşılaşır: yeni təhlükə, xəbərdarlıq, artan narahatlıq və nəticədə supermarketlərə axışan, rəfləri boşaldan insanlar...

Psixoloq Günel Dadaşova isə deyir ki, insanlar mağazada növbə, boş rəflər görəndə belə düşünürlər ki, əgər hamı alırsa, deməli, bildikləri bir şey var. Beləliklə, başqalarının davranışını əsas götürürlər.

“Psixologiyada buna sosial sübut effekti deyilir. Çünki insan öz məntiqi ilə deyil, kollektiv davranışa görə hərəkət edir. Evində kifayət qədər ərzaq olduğunu bilsə belə, başqalarının mağazaları boşaltdığını görəndə qərarını dəyişir, qeyri-müəyyənlik qorxusu onu hərəkətə gətirir: “birdən sabah tapılmasa” deyə ən pis ssenariyə cəmlənir. İnsanlar əvvəlki hadisələrdən nəticə çıxarmaq əvəzinə yeni təhlükəni tamamilə fərqli və daha ciddi qəbul edirlər”.

Psixoloq belə məqamda faktları şayiədən ayırmaq üçün diqqətli, təmkinli olmağı tövsiyə edir.

İstənilən halda ciddi təhlükə varsa, yığılan ərzaq ehtiyatının heç bir faydası olmayacaq. Kobud desək, qorxunun əcələ faydası yoxdur.

Şəfiqə Şəfa, Bizim.Media