ABŞ-də bu həftə keçirilən aralıq seçkilərdə Konqresin hər iki palatasına nəzarət demokratların əlinə keçdi. Nümayəndələr Palatasında əzici üstünlük qazanan Demokratlar Partiyası Senatda bunu təkrarlaya bilmədi. Bütün hallarda ABŞ-də son iki ildə Konqresin bütün palatalarında üstünlüyə sahib olan respublikaçıların dominantlığına son qoyulmuş oldu.
Əslində demokratlarla Prezident Donald Tramp arasında münasibətlər uzun müddətdir gərgindir. Qazanılan son qələbə onları prezidentin qarşısında gücləndirməklə bərabər, ona təsir imkanları da yaradır. Hər iki tərəfin dünyaya və hətta ölkənin daxili siyasətinə baxış tərzi fərqlidir. Bu da 2028-ci ildəki prezident seçkisinə qədər tərəflər arasında müxtəlif qarşıdurmaların müşahidə ediləcəyini deməyə əsas verir.
İndi əsas suallardan biri isə Konqresə nəzarəti ələ keçirən demokratların Trampın xarici siyasətinə də təsir edib-etməyəcəyidir. ABŞ qanunvericiliyi hazırda xarici siyasət, təhlükəsizlik məsələlərində əsas güc kimi məhz icraedici hakimiyyəti tanıyır. Bu da Konqresin Trampın işinə hətta əksər hallarda qərarlarına müdaxiləsini çətinləşdirir. Lakin Konqresin əlində olan ən önəmli rıçaq onun dövlət büdcəsinə nəzarət edə bilmə imkanıdır. Bu rıçağın isə növbəti dönəmlərdə Trampa qarşı xüsusilə təhlükəsizlik məsələlərində istifadəsi qaçılmaz ola bilər.
Trampla demokratların baxışları xüsusilə İrana qarşı müharibə, Ukraynaya yardım, Rusiyaya qarşı sanksiyaların zəiflədilməsi, NATO-da aktivlik, Avropadakı ABŞ ordularının sayının azaldılması və daha bir neçə məsələdə bir-birində ayrılır. Təsadüfi deyil ki, seçkilərdən sonra ABŞ-nin bir sıra beyin mərkəzləri qeyd edilən məsələlərin Konqresin gündəminə gələcəyini və demokratların bunu Trampa qarşı sövdələşmə üçün istifadə edəcəyini vurğulayırlar. Demokratlar həmçinin Avropa Birliyindəki ABŞ müttəfiqləri ilə münasibətlərin bərpasına cəhd edə bilərlər ki, burada da onların uğur qazanmaq şansları sual altındadır. Avropalıları indiki dönəmdə çəkindirən əsas məsələ Konqresin xarici siyasətdə həddən artıq səlahiyyət sahibi olmamasıdır. Yəni demokratlarla açıq hərəkət Avropa Birliyini ABŞ-də mövcud olan iki güc mərkəzi arasında qoya bilər. Buna isə avropalıların gedəcəyi inandırıcı görünmür. Ən azından köhnə qitədə pisləşən münasibətləri mövcud qeyri-müəyyənlik içində daha pis vəziyyətə gətirmək ilk növbədə AB-nin özü üçün arzuolunmaz olardı. Üstəlik, demokratların niyyətinə baxmayaraq, onların da Avropaya yanaşmasında Tramp Administrasiyası ilə üst-üstə düşən baxışları mövcuddur ki, bu da "qoca qitə" ilə münasibətlərdəki çətinlikləri saxlaya bilər.
Vəziyyəti çətinləşdirən həmçinin ABŞ iqtisadiyyatındakı vəziyyətdir. 2024-cü ildə verdikləri iqtisadi vədlərlə dominantlığı ələ keçirməyi bacaran respublikaçıların yerinə yetirə bilmədiklərini indi demokratlar həyata keçirməlidirlər. Bu isə xüsusilə bahalı neft qiymətlərinin fonunda onların işini ağırlaşdıra bilər. Üstəlik, demokratlar Trampın ləğv etdiyi bir sıra xərclərin, o cümlədən tibbi sığorta ilə bağlı məsələlərin bərpa edilməsinin tərəfdarıdırlar ki, bu da büdcə üzərində əlavə yükün yaranmasına, büdcə kəsrinin bir qədər də artmasına səbəb ola bilər. Lakin büdcə xərcləri artsa belə demokratların indiki şəraitdə xarici yardımların, o cümlədən Trampın ləğv edilməsinə nail olduğu bir sıra layihələrin bərpasında maraqlı olacağı inandırıcı görünmür. Digər tərəfdən isə yeni xərclərin artması, Trampın vetosuna gətirib çıxara bilər. Belə niyyətinin olduğunu ABŞ prezidenti gizlətmir. Bu da öz növbəsində gələn il ABŞ-ni yeni şatdauna və ya hökuməti demokratlarla yeni sövdələşməyə apara bilər...
Azərbaycan demokratların hədəfinə çevrilir?
Ən mühüm məsələ ABŞ-də yaranmış yeni siyasi reallığın Azərbaycana necə təsir edəcəyidir. Məsələ ondadır ki, ABŞ ilə Azərbaycan arasında son iki ildə xüsusilə siyasi səviyyədə əlaqələr sürətlə inkişaf edir. Bunun nəticəsidir ki, iki ölkə strateji tərəfdaşlıq xartiyası imzalayıblar. Digər tərəfdən isə Vaşinqton Orta Dəhlizin reallaşmasında maraqlı olduğunu göstərir, burada isə Azərbaycan önəmli həlqə rolunu oynayır. Bu baxımdan Konqresdə dominantlığını bərpa edən demokratların da buna qarşı olacağı inandırıcı görünmür. Üstəlik, xarici siyasətin Tramp administrasiyasının nəzarətində olacağı nəzərə alınarsa, Bakının bu məsələdə ABŞ-nin dəstəyindən məhrum olacağını söyləmək olmaz.
Ən maraqlısı isə Orta Dəhlizin demokratların dünya görüşünə daha çox uyğunluq təşkil etməsidir. Rusiyaya qarşı təzyiqin və Ukraynaya dəstək verilməsinin tərəfdarı olan demokratlar indiki bu dövlətdən kənar keçən marşrutun dəstəklənməsindən imtina edəcəyi inandırıcı deyil. Əks təqdirdə bu, Moskvanın daha böyük rıçaqlar əldə etməsiylə nəticələnə bilər ki, bu da nə Bakı, nə də Vaşinqtonun maraqlarına uyğundur.
Eyni zamanda Cənubi Qafqazdakı mövcud reallıq da Vaşinqton üçün seçim imkanlarını daraldır. Xüsusilə sabiq prezident Co Baydenin dönəmində rəsmi Tbilisinin Vaşinqtonla münasibətlərinin pisləşməsi ABŞ-nin Cənubi Qafqazdakı dayaqlarını zəiflədib. Digər tərəfdən ABŞ Ermənistanla münasibətlərini gücləndirməyə çalışaraq itkilərini kompensasiya etməyə cəhd edir. Lakin Rusiyanın Ermənistanda xeyli imkanlar itirməsinə baxmayaraq hələ də güclü dayaqlara sahib olması İrəvanla bağlı müəyyən sualların qalmasına şərait yaradır. Bu da Azərbaycanın Rusiyaya qarşı Cənubi Qafqazda balansın saxlanması, eləcə də digər təhlükəsizlik məsələlərində daha etibarlı tərəfdaşa çevrilməsinə imkan yaradır. Demokratların Konqresdə güclənməsinə baxmayaraq, ABŞ-nin qeyd edilənləri nəzərə almadan addımlar planlayacağı hələlik inandırıcı görünmür. Bakıya qarşı mövqeyin sərtləşməsi isə Azərbaycanı alternativ addımlara vadar edə bilər ki, bunun da nəticəsi reallıqların fonunda Cənubi Qafqazdakı bütün oyun qaydalarında özünü göstərər.
Ən diqqətçəkən məqam isə Bakının demokratların qələbəsi fonunda hələ də ABŞ-dəki yəhudi lobbisi ilə çox yaxşı əlaqələrə sahib olmasıdır. Xüsusilə 2019-cu ildən sonra Azərbaycan daha intensiv şəkildə AİPAC-la (Amerika-İsrail İctimai Əlaqələr Komitəsi - red.) əlaqələrini genişləndirməyə başlayıb. 2024-cü ildə AİPAC nümayəndə heyəti tarixdə ilk dəfə ən ali səviyyədə Bakını ziyarət edərək ölkə rəhbəri ilə görüşüblər. Ən yüksək səviyyədə son təmas isə 2026-cı fevralında ABŞ-dəki Sülh Şurasının ilk görüşü zamanı yaşanıb.
Son seçkidə AİPAC dəstəklədiyi azı 230 nəfərin konqresmen seçildiyini açıqlayıb. Bu da Bakı üçün indiki məqamda sərfəli məqam sayıla bilər. Əvvəlki dönəmin təcrübələri də göstərir ki, yəhudi lobbisi ilə yaxşı əlaqələr sayəsində Bakı çox zaman Nümayəndələr Palatası və Senatda özünə qarşı olan təhlükəli həmlələri bloklaya bilib. Bənzər xəttin yeni dönəmdə də davam edəcəyi istisna olunmur. Üstəlik, Konqresdə dominantlığa sahib olan demokratların liderləri sırasında Çak Şumer, Hakim Cefri kimi konqresmenlər də AİPAC-la sıx əməkdaşlığa sahibdirlər. Təşkilat xüsusilə hər iki konqresmen üçün son seçki də daxil olmaqla müxtəlif dövrlərdə milyonlarla dollar vəsait xərcləyib. Yəni demokratlar daxilində edilə biləcək cəhdlərə baxmayaraq, Bakı Konqresdə özünün imtina ediləcək bir qüvvə olmadığını anlatmaq imkanlarına və gücünə sahibdir.
Bütün hallarda hazırkı situasiya Bakı-Vaşinqton əlaqələrində münasibətlərin Bayden administrasiyasının son bir ilindəki səviyyəyə düşməyəcəyini deməyə əsas verir. Yəni Vaşinqton Trampın Cənubi Qafqazla bağlı son iki ildə seçdiyi kursunu davam etdirəcək ki, bu da Bakı üçün indiki dönəmdə arzuolunandır.
Erməni lobbisi geriləyir, amma...
Müsbət məqamlara baxmayaraq, ABŞ-də yaranmış yeni reallıq Azərbaycan üçün riskləri də özündə ehtiva edir. Həm seçkilərdən əvvəl, həm də sonra Konqresdə Azərbaycana qarşı ən böyük aktivlik ənənəvi olaraq Amerika Erməniləri Milli Konqresinin (ANCA) vasitəsilə həyata keçirilir. ANCA-nın son bəyanatları isə Bakının yeni dönəmdə də Nümayəndələr Palatasında müəyyən qətnamələr, o cümlədən qanun layihələri ilə üzləşə biləcəyi ehtimalını yaradır. Doğrudur, təklif ediləcək qanun layihələrini bloklamaq üçün Azərbaycanın imkanları məhdud deyil, amma bu güc sonsuz da deyil.
ANCA-nın Bakıya təhdidlərinə baxmayaraq, təşkilat özü Konqres üçün nəzərdə tutulan son 3 seçkidə ardıcıl olaraq geriləmələr yaşayır. Əgər 2016-cı ildə Konqresin Nümayəndələr Palatasındakı Erməni Kokusunda 92 konqresmen təmsil olunurdusa, Trampın birinci prezidentlik dönəminin sonunda təşkilat bu sayı 21% artıraraq 124 nəfərə qədər qaldıra bilmişdi. Lakin həmin dönəmdən bu yana keçən 2022 və 2024-cü il seçkilərindən sonra kokus üzvlərinin sayı azalmağa davam edir. Son seçkilərdən öncə bu sayın 110-dan az olduğu ANCA-nın rəsmi sənədlərində qeyd olunurdu. Təşkilatın həmçinin son 8 ildəki 5 seçkidə dəstəklədiyi namizədlərin azalmaqda davam edir. 2018-ci illə müqayisədə təşkilatın dəstəklədiyi namizədlərin sayı 64%, 2024-cü ildəki seçkilərlə müqayisədə isə 23% azalıb. Üstəlik 2024-cü ildə dəstəklənən namizədlərdən 76-sı Konqresə düşməyi bacarsa da son seçkidə ANCA-nın göstəricisi (təşkilatın ilkin açıqlaması əsasında - red.) 25% azalaraq 57 nəfər olub. 2020-ci illə nisbətdə isə azalma 52,5% təşkil edib. Təşkilat isə belə azalmanı strategiyasının dəyişməsi, keyfiyyətə önəm verməsi ilə əlaqələndirməyə çalışır.
Digər tərəfdən Ermənistan hakimiyyəti ilə ANCA arasında da münasibətlər normal səviyyədə deyil. Gərginləşmiş münasibətlər ABŞ-dəki erməni diasporu daxilində fikir ayrılıqlarını artırıb. Bu da öz növbəsində Azərbaycan üçün yeni imkanlar yarada bilər. Ermənistanla növbəti iki ildə imzalanacaq sülh müqaviləsi isə Bakının növbəti illərdə ABŞ-dəki bir sıra erməni diaspor təşkilatları ilə münasibətlərini yenidən nəzərdən keçirə biləcəyini də istisna etmir. Bununla belə onun köklü dəyişikliklər olacağını da sadəlövhlük olar.
Gözlər ABŞ-də veriləcək İran qərarında
Ölkəyə qarşı potensial geosiyasi təhdidlər nəzərə alınarsa, Azərbaycanın Konqreslə münasibətlərinin sıxlaşdırılması istiqamətində addımlar atacağı da gözləniləndir. Belə addımla Azərbaycan özünə qarşı yarana biləcək potensial təzyiqlərə qarşı əlavə rıçaqlar əldə edə bilər. Ən azından əvvəlki dövrlərin təcrübəsi bunun artıq zərurətə çevrilməyə başladığını deməyə əsas verir.
Vaşinqtonda yaranmış mövcud reallıq fonunda təkcə Tramp Administrasiyası yox, Konqreslə yaxşı əlaqələrin təmin edilməsi, Bakıya özəlliklə İran və Rusiya ilə mövcud qeyri-müəyyən əlaqələr fonunda dividentlər qazandıra bilər. Azərbaycan üçün başqa risk isə ABŞ-nin İrana qarşı kampaniyasını qəfil dayandırması ola bilər. Əslində demokratlar da bu kampaniyanın dayandırılması və İranın yenidən danışıqlar masasına dəvət edilməsini tərəfdarı kimi çıxış edirlər. Vaşinqton artıq bir dəfə - 2015-ci ildə belə danışıqlara cəhd edib, amma ondan sonrakı 11 il ərzində baş verənlər hazırkı müharibənin yaranmasına şərait yaradıb. Üstəlik, ABŞ ilə qarşıdurmada ağır yaralanmış İran var ki, bu da danışıqlar və ondan sonrakı dönəmdə onun daha sülhməramlı olacağına dair zəmanət vermir. Əgər Tramp demokratların və öz administrasiyasındakı danışıqlar tərəfdarlarını dinləyərək belə addıma gedərsə, bunun Tehranın bölgə ilə bağlı iddialarını və özgüvənini bir qədər də artıracağını təxmin etmək olar. Nəticədə Tehrandakı teokratik rejim Vaşinqtonun danışıqlarını özünün qələbəsi kimi təqdim edə, hətta qarşılıqlı inamsızlıq sayəsində danışıqları öz müdafiə potensialını gücləndirmək üçün fürsət kimi dəyərləndirə bilər. İranın hadisələri belə yanaşma ehtimalı isə onun nəinki bizim ölkəmizlə, hətta Ermənistanla münasibətlərində də öz effektini göstərəcək. Bu fonda Bakının cənub sərhədlərindəki yarana biləcək təhdidi zəbt etməsi üçün əlavə rıçaqlara ehtiyacı yarana bilər. Bütün hallarda İranla bağlı Vaşinqtonun atacağı istənilən addımın - həm eskalasiya, həm sülh danışıqlarının nəticəsinin onun qonşularına, o cümlədən Azərbaycana təsiri qaçılmazdır.
Beləliklə ABŞ-dəki yeni siyasi durum Tramp üçün əvvəlki iki illə müqayisədə nisbətən çətin dövr başladır. Lakin bu dönəmin astanasında görünən isə Birləşmiş Ştatların Prezident Administrasiyası ilə Konqres arasında Cənubi Qafqaza münasibətdə ümumi yanaşmada ciddi fikir ayrılığının olmamasıdır. Bu isə Azərbaycan üçün yaxşı xəbər sayıla bilər. /Oxu.az/