Dünyada nasoslu su elektrik stansiyalarının (NSES), geotermal enerji sistemlərinin və konsentrasiyalı günəş enerjisi (CSP) texnologiyalarının inkişafı sürətlənəcək. Bu texnologiyalara investisiyaların artması külək və günəş enerjisinin sürətlə genişlənməsi fonunda elektrik enerjisinin saxlanılması və təchizatın sabitliyinin təmin edilməsi zərurəti ilə əlaqədardır.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) “Bərpa olunan enerji 2026” (“Renewables 2026”) hesabatında qeyd olunub.
Hesabata əsasən, 2026–2031-ci illərdə nasoslu su elektrik stansiyalarının quraşdırılmış gücünün artımı əvvəlki altıillik dövrlə müqayisədə təxminən iki dəfə çox olacaq. Geotermal və konsentrasiyalı günəş enerjisi üzrə güclərin isə aşağı baza səviyyəsindən təxminən üç dəfə artacağı gözlənilir.
Bildirilir ki, ənənəvi su elektrik enerjisinin inkişafı layihələrin gecikməsi və iri miqyaslı yeni stansiyaların tikintisi imkanlarının məhdudlaşması səbəbindən bir qədər zəifləsə də, nasoslu su elektrik stansiyaları yenidən sürətlə inkişaf etməyə başlayıb.
BEA-nın proqnozuna görə, 2026–2031-ci illərdə dünyada nasoslu su elektrik stansiyalarının ümumi gücü təxminən 74 giqavat artacaq. Bu artımın təxminən üçdə ikisi Çinin payına düşəcək. Ölkə sürətlə genişlənən külək və günəş elektrik stansiyalarından əldə olunan enerjinin saxlanılması məqsədilə bu sahədə güclərini artırır.
"Hindistan bu istiqamətdə ikinci yerdə qərarlaşacaq. Avstraliya, Vyetnam, İndoneziya, eləcə də bir sıra Avropa və Asiya ölkələrində də yeni layihələrin istifadəyə verilməsi gözlənilir", - hesabatda vurğulanıb.
Konsentrasiyalı günəş enerjisi üzrə yeni güclərin artımının isə tamamilə Çinin hesabına baş verəcəyi proqnozlaşdırılır. Belə ki, ölkənin 15-ci Beşillik Bərpa Olunan Enerjinin İnkişafı Planında 2030-cu ilədək bu sahədə təxminən 15 giqavat gücə nail olmaq hədəfi müəyyən edilib.
Geotermal enerji üzrə güclərin artımına isə əsasən ABŞ və İndoneziya liderlik edəcək. Yaponiya, Türkiyə, Keniya, Yeni Zelandiya və Filippində də inkişafın davam edəcəyi gözlənilir.
Hesabatda, həmçinin qlobal bərpa olunan enerji üzrə proqnozların ötən illə müqayisədə ümumilikdə dəyişmədiyi, lakin regionlar üzrə əhəmiyyətli fərqlərin yarandığı vurğulanıb.
Belə ki, dünya üzrə bərpa olunan elektrik enerjisi güclərinin artım proqnozu cəmi 2 faiz və ya 75 giqavat yüksəldilib. Bu dəyişiklik 2025-ci ilin oktyabrından sonra baş verən siyasət, tənzimləmə və bazar dəyişiklikləri ilə əlaqələndirilir.
Çin üzrə proqnoz təxminən 116 giqavat azaldılıb. Bununla belə, ASEAN ölkələri, Hindistan, ABŞ, Saharaaltı Afrika və Latın Amerikası üzrə daha müsbət gözləntilər Çindəki azalmanı kompensasiya edib.
Faiz ifadəsində ən böyük müsbət dəyişiklik Saharaaltı Afrika üzrə qeydə alınıb. Bu regionda günəş enerjisi milyonlarla istehlakçı üçün elektrik enerjisinin verilməsindəki fasilələr zamanı alternativ mənbəyə çevrilir.
"Çində proqnozun aşağı salınmasının əsas səbəbi 2026-cı ilin yanvar-sentyabr aylarında günəş fotovoltaik (PV) güclərinin artımının illik müqayisədə 50 faizdən çox azalmasıdır. Sabit tariflərdən rəqabətli hərrac mexanizminə keçid iri və paylanmış günəş enerjisi layihələrinin gəlirliliyini zəiflədib.
Bunun əksinə olaraq, quruda külək enerjisi üzrə yeni güclərin artımı ötən ilin rekord səviyyəsinə yaxın qalıb və bu istiqamətdə proqnoz yüksəldilib. Buna iri miqyaslı enerji layihələrini dəstəkləyən siyasət və külək enerjisi üzrə satış qiymətlərinin günəş enerjisi ilə müqayisədə təxminən 40 faiz yüksək olması təsir göstərib", - hesabatda bildirilib.
Çində su elektrik enerjisi və konsentrasiyalı günəş enerjisi üzrə proqnozlar da artırılıb. Bu, enerji sisteminə inteqrasiyanı asanlaşdırmaq üçün nasoslu su elektrik stansiyalarının təsdiqinin sürətləndirilməsi və 2025-ci ilin dekabrında CSP üzrə daha iddialı hədəflərin açıqlanması ilə bağlıdır.
Eyni zamanda, rəqabətli hərraclara keçiddən sonra xərclərin artması və əyalət səviyyəsində dəstəyin məhdudluğu səbəbindən dənizdə külək enerjisi üzrə proqnozlar azaldılıb. Bioenerji sahəsində isə 2024-cü ildən sonra tullantıların enerjiyə çevrilməsi layihələrinin artım tempinin zəifləməsi fonunda inkişaf yavaşlayıb.