Bərpa olunan enerjinin nəqliyyatda istehlakının 2031-ci ilədək 60 faiz artacağı, elektrik avtomobillərinin və maye bioyanacaqların bu artımın əsas hərəkətverici qüvvələri olacağı proqnozlaşdırılır.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA, IEA) “Bərpa olunan enerji 2026” (“Renewables 2026”) hesabatında bildirilib.
Hesabata əsasən, proqnoz dövründə nəqliyyatda bərpa olunan enerjinin payı qlobal nəqliyyat sektorunun ümumi enerji tələbatının 6 faizinə çatacaq. Artımın təxminən yarısı elektrik avtomobillərinin istifadə etdiyi bərpa olunan elektrik enerjisinin hesabına təmin ediləcək. Bu istiqamətdə artımın 80 faizi Çinin və Avropanın payına düşəcək.
Maye bioyanacaqlar isə nəqliyyatda bərpa olunan enerji istehlakının artımına ikinci ən böyük töhfə verən mənbə olaraq qalacaq. Bu sahədə dövlətlərin bioyanacaqla bağlı məcburi tələblərinin sərtləşdirilməsi və nəqliyyat yanacağına tələbatın yüksəlməsi əsas amillər kimi göstərilir. Xüsusilə aviasiya və dəniz nəqliyyatında yeni bazarların formalaşacağı gözlənilir. Hökumətlərin dayanıqlı aviasiya yanacağı (SAF) üzrə tələblər tətbiq etməsi və aşağı karbonlu yanacaqla bağlı qaydaları genişləndirməsi bu prosesə təkan verəcək.
Bununla yanaşı, biomethan, bərpa olunan hidrogen və sintetik yanacaqların (e-fuels) istehsalının da sürətlə genişlənəcəyi proqnozlaşdırılır. Bu enerji mənbələri, xüsusilə elektrikləşdirilməsi çətin olan nəqliyyat sahələrində uzunmüddətli emissiya azaldılması üçün əlavə imkanlar yaradacaq.
BEA maye bioyanacaqların istehsalının genişləndirilməsi üçün dayanıqlılıq meyarlarının vacibliyini də vurğulayır. Hesabata görə, 2031-ci ilədək qlobal bioyanacaq istehsalı üçün xammala tələbat 30 faiz artacaq. Ən sürətli artım biodizel, bərpa olunan dizel və aviasiya bioyanacağının istehsalında istifadə olunan yağ əsaslı xammal üzrə gözlənilir.
Agentlik qeyd edir ki, maye bioyanacaqlar nəqliyyatın müxtəlif növlərində həyat dövrü üzrə istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq potensialına malikdir. Bununla belə, istehsalın genişləndirilməsi üçün şəffaf, etibarlı və beynəlxalq səviyyədə razılaşdırılmış dayanıqlılıq mexanizmlərinin hazırlanması və tam tətbiqi vacibdir. Gübrə qiymətlərinin yüksək olması və El-Ninyo kimi ekstremal hava hadisələri də bioyanacaq istehsalının perspektivlərinə təsir edən amillər sırasındadır.
Hesabatda istilik sektorunda da bərpa olunan enerjinin rolunun artacağı bildirilir. Belə ki, müasir bərpa olunan enerji mənbələrinin istilik tələbatındakı payının 2025-ci ildəki 15 faizdən 2031-ci ildə 19 faizə yüksələcəyi proqnozlaşdırılır. Bu dəyişiklik istilik təchizatının şaxələndirilməsinə, fosil yanacaqlardan asılılığın azalmasına və istilik sektorundan qaynaqlanan karbon qazı emissiyalarının ilk dəfə azalmağa başlamasına şərait yaradacaq.
İstilik nasosları və sənayedə elektrikləşmə vasitəsilə bərpa olunan elektrik enerjisindən istifadənin bu dövrdə 50 faizdən çox artacağı gözlənilir. Bu mənbələr müasir bərpa olunan istilik enerjisinə tələbat artımının təxminən üçdə ikisini təmin edəcək. Bununla yanaşı, müasir bioenerji, günəş istilik sistemləri və geotermal mənbələrdən birbaşa əldə olunan istilik enerjisi ümumi istehlakda əsas paya malik olaraq qalacaq.
BEA istilik sektorunun dekarbonizasiyasını sürətləndirmək üçün istilik nasoslarının və mərkəzləşdirilmiş istilik təchizatı şəbəkələrinin genişləndirilməsini mühüm imkanlar kimi qiymətləndirir. Hazırda qlobal mərkəzləşdirilmiş istilik təchizatının yalnız 7 faizi bərpa olunan enerji hesabına təmin olunur. Halbuki bu şəbəkələr bərpa olunan və təkrar istifadə edilə bilən istilik enerjisinin daha geniş miqyasda inteqrasiyası üçün əhəmiyyətli potensiala malikdir.
Biometanın istehsalında da sürətli artım gözlənilir. Hesabata görə, qlobal bioqaz istehsalı 2031-ci ilədək təxminən 20 faiz artacaq və bu artım tamamilə biometanın hesabına baş verəcək. Biometan istehsalının isə, demək olar ki, iki dəfə artacağı proqnozlaşdırılır. Nəticədə onun ümumi bioqaz istehsalındakı payı hazırkı 22 faizdən 2031-ci ildə 35 faizə yüksələcək.
"Avropa ən böyük biometan istehsalçısı mövqeyini qoruyacaq, ABŞ isə ikinci yerdə qərarlaşacaq. İnkişaf etməkdə olan ölkələrdə də istehsalın genişlənməsi gözlənilir. Xüsusilə Hindistanda biometan istehsalının 2031-ci ilədək təxminən 9 dəfə artacağı proqnozlaşdırılır. Braziliya, Çin və Hindistan bu sahənin inkişafını dəstəkləyən siyasət və mexanizmlər formalaşdırır.
Bununla belə, üzvi tullantıların və kənd təsərrüfatı qalıqlarının geniş texniki potensialına baxmayaraq, xammalın kommersiya əsaslı tədarük zəncirlərinin yaradılması istehsalın daha sürətli genişlənməsinə mane olan əsas problemlərdən biri olaraq qalır", - hesabatda vurğulanıb.
Hesabatda biometanın istifadəsinin avtomobil nəqliyyatından sənaye və tikinti sektorlarına doğru genişləndiyi də vurğulanır. Dəniz nəqliyyatında bio-maye təbii qazın (Bio-LNG) istifadəsi isə, xüsusilə Avropada, dekarbonizasiya tələblərinə uyğunlaşmaq üçün perspektivli alternativ kimi önə çıxır.
BEA-nın məlumatına görə, yerli bioqaz və biometan istehsalı artıq bəzi Avropa ölkələrinin təbii qaz idxalından asılılığının azaldılmasına töhfə verir. Bu istehsal İsveçdə idxaldan asılılığı 22 faiz bəndi, Almaniyada 10 faiz bəndi, Fransada isə 8 faiz bəndi azaldıb.
Beləliklə, hesabat nəqliyyat, istilik və qaz təchizatı sektorlarında bərpa olunan enerjinin genişlənməsinin enerji təhlükəsizliyinin gücləndirilməsi, idxaldan asılılığın azaldılması və emissiyaların aşağı salınması baxımından əhəmiyyətini ön plana çıxarır.