Rəhbərlərin səsini təqlid edib milyonlar ələ keçirdilər

ABŞ-də üç nəfərin süni intellekt vasitəsilə şirkət rəhbərlərinin səsindən istifadə etməsi dələduzluq və cinayətlə nəticələnib.

Xarici mediaya istinadən, Nyu-Yorkun Manhetten Federal Prokurorluğu süni intellektdən istifadə etməklə həyata keçirilən genişmiqyaslı dələduzluq şəbəkəsini ifşa edib. İttiham aktına əsasən, Ceykob Soall, Şeron Hazan və Qay Şitrit adlı şübhəlilər 2024-cü ilin iyulundan 2026-cı ilin fevralınadək davam etdiyi iddia olunan dələduzluq əməliyyatlarında “Rocky Balboa” kod adından da istifadə ediblər. Onlar şirkətlərin əməkdaşları ilə əlaqə saxlayaraq rəhbərlərinin və ya böyük hüquq firmalarında çalışan vəkillərin səslərini süni intellekt vasitəsilə təqlid ediblər.

Gizli saxlanıldığı bildirilən maliyyə əməliyyatlarını bəhanə gətirən şübhəlilər əməkdaşları müxtəlif bank hesablarına pul köçürməyə inandırıblar.

İddialara görə, müxtəlif ölkələrdəki bank hesablarına köçürülən vəsaitlərin ümumi məbləği 129 milyon dolları ötüb. “ABC News”un məlumatına görə, dələduzluq şəbəkəsinin əsas hədəfləri səhiyyə, maliyyə, investisiya və qida sektorlarında fəaliyyət göstərən şirkətlər olub. İttiham aktında qeyd olunub ki, şübhəlilərin aldatdığı iddia edilən qurumlar arasında Missuri ştatındakı xəstəxana sistemindən 4,8 milyon dollar, Rod-Aylenddəki bankdan 2,6 milyon dollar, Kaliforniyadakı xəstəxanadan isə 2,9 milyon dollar vəsait əldə edilib. Bundan başqa, Böyük Britaniyada yerləşən maliyyə texnologiyaları şirkətindən 11,5 milyon dollar, Massaçusets ştatındakı investisiya fondundan 4,6 milyon dollar və Floridada fəaliyyət göstərən ev heyvanları üçün yem istehsalçısından 5,2 milyon dollar alındığı iddia olunub.

ABŞ prokuroru Ceymi Makdonald hadisə ilə bağlı açıqlamasında süni intellektin böyük texnoloji potensiala və mühüm imkanlara malik olduğunu bildirib. Bununla belə, o, bəzi şəxslərin bu texnologiyadan cinayət törətmək və insanlara zərər vurmaq məqsədilə istifadə etməyə çalışdıqlarını vurğulayıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, istintaq çərçivəsində üç şübhəli Avropada keçirilən əməliyyatlar zamanı saxlanılıb. 41 yaşlı Ceykob Soall iyun ayında İspaniyada, 54 yaşlı Şeron Hazan avqust ayında yenə İspaniyada, 42 yaşlı Qay Şitrit isə sentyabr ayında İngiltərədə tutulub.

Onların ABŞ-yə ekstradisiyası üçün proses başladılıb. Şübhəlilər federal qanunvericilik üzrə irəli sürülən ittihamlar əsasında məhkum ediləcəkləri təqdirdə 20 ilədək azadlıqdan məhrum edilə bilərlər. İttiham aktında Şeron Hazanın 2008-ci ildə bank dələduzluğu cinayətinə görə məhkum edildiyi barədə məlumat da yer alıb. Hadisə süni intellekt vasitəsilə səs təqlidinin maliyyə fırıldaqçılığında yaratdığı təhlükələri bir daha gündəmə gətirib. Eyni zamanda şirkətlərin maliyyə əməliyyatları zamanı yalnız telefon zəngləri və səsli göstərişlərə əsaslanmasının ciddi təhlükəsizlik riskləri yarada biləcəyini göstərib.