Bakı, 6 noyabr, AZƏRTAC 2026-cı ildən dövlət proqramlarının maliyyələşməsinin dövlət büdcəsi hesabına deyil, icbari tibbi sığorta vasitəsilə aparılması tendensiyası növbəti ildə də davam edəcək. Məqsədli tədbirlər istisna olmaqla, səhiyyə xərclərinin tərkibində funksional təsnifatın köməkçi bölməsi üzrə dinamika fərqli meyarlarla proqnozlaşdırılıb.AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. Onun sözlərinə görə, səhiyyə bölməsi ilə bağlı Hesablama Palatası tərəfindən bir sıra təkliflər hazırlanaraq Maliyyə Nazirliyinə təqdim edilib.“Bu təkliflərin nəzərə alınması səhiyyə xərclərinin dövlət büdcəsində vahid büdcə təsnifatına daha uyğun şəkildə əks olunmasına xidmət edəcək. Növbəti ildə səhiyyə xərclərində, - əvvəlki illərdə bu təyinat üzrə olmayan, - Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasının layihələrinin maliyyələşdirilməsi ilə bağlı 11,6 milyon manat, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellekt və innovasiya layihələri üzrə xərclərə isə 7,2 milyon manat vəsait nəzərdə tutulur”, - deyə V.Gülməmmədov əlavə edib. Fotoqraf - Aydın Məmmədov