“Kəpəz Bank Olmayan Kredit Təşkilatı” MMC 6 milyon manatlıq istiqraz emissiyasına hazırlaşır. Emissiya hər birinin nominal dəyəri 100 manat olan 60 min ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazdan ibarətdir. İstiqrazlar “Bakı Fond Birjası”nda kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti”dir. İllik faiz dərəcəsi və tədavül müddəti yekun şərtlərlə müəyyən ediləcək, faizlər isə hər 30 gündən bir ödəniləcək.
Emissiyanın əsas məqsədi kredit məhsullarına artan tələbatı qarşılamaq üçün daha sərfəli şərtlərlə maliyyə vəsaiti cəlb etməkdir. Şirkət həmin vəsait hesabına kreditləşdirmə imkanlarını genişləndirməyi və gəlir gətirən layihələri maliyyələşdirməyi nəzərdə tutur.
“Kəpəz BOKT” Azərbaycanda istehlak kreditləri, mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi sahəsində fəaliyyət göstərir. Təşkilatın əsas məhsulları fiziki şəxslərə verilən istehlak kreditləri və biznes kreditləridir. Şirkət həmçinin faktorinq, lizinq, zəmanətlərin verilməsi və digər maliyyə xidmətləri üzrə fəaliyyət göstərmək hüququna malikdir. Əsas fəaliyyət bazarı Azərbaycandır.
Şirkətin nizamnamə kapitalının 100%-i Azərbaycan vətəndaşı Əbülfəz Əliyevə (Əbülfəz Əlihəsən oğlu Əliyev) məxsusdur. Təşkilatın nizamnamə kapitalı 5 milyon manat təşkil edir və hər birinin nominal dəyəri 100 manat olan 50 min paydan ibarətdir.
Audit olunmamış maliyyə hesabatına əsasən, “Kəpəz BOKT” 2026-cı ilin ilk yarısını 2,16 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 385,7% artımdır. Faiz gəlirləri illik 25,1% artaraq 2,28 milyon manata, qeyri-faiz gəlirləri isə 58,3% artaraq 1,35 milyon manata çatıb. İyunun 30-na şirkətin aktivləri illik 41,7% artaraq 16,99 milyon manat, öhdəlikləri 49,8% artaraq 9,76 milyon manat, kapitalı isə 32% artaraq 7,22 milyon manat təşkil edib.