Muğam müsabiqəsinin qalibi xanəndə Güllü Muradovanın əri Rasim Yusifov həbs edilib.
O, polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 5-ci məhəllə adlanan ərazidə, “Comərd” kafesinin yaxınlığında narkotik vasitə istifadəsində şübhəli bilinərək saxlanılıb.
Keçirilən tibbi müayinə zamanı onun narkotik vasitələrdən istifadə etməsi təsdiqlənib və buna görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə protokol tərtib olunub.
39 yaşlı R. Yusifov isə ifadəsində narkotik vasitələrdən istifadə etmədiyini deyib:
“Polis Şöbəsində mənə hüquq və vəzifələrim izah olundu. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərimdə şəxsi axtarış keçirildi, qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmadı. Narkotik vasitə istifadəçisi olmadığımı dedim. Şübhələnirəm ki, narkotik vasitələrdən istifadə etməyimi keçmiş həyat yoldaşım Ayşən Qasımova ifşa edib. Uzun illər Almaniya Federativ Respublikasında yaşamışam. Hazırda il ərzində bir neçə dəfə ora gedib gəlirəm. Kəskin allergiyam olduğundan “Citricilin” dərmanından istifadə edirəm. Həmin dərmanı hər zaman Almaniyaya gedib qayıdarkən oradan alıram. Tərkibində narkotik vasitə olub-olmamasını bilmirəm. Lakin həmin dərmanı istifadə etdikdən sonra nəqliyyat vasitəsini idarə etmək qadağandır. Onu qəbul etdikdən sonra insanda halsızlıq və yorğunluq yaradır”.
Lakin məhkəmə qənaətə gəlib ki, Rasim Yusifovun narkotik vasitələrdən istifadə etməsi özünün etirafı, məhkəmə-narkoloji ekspertizasının rəyi və digər iş materialları ilə də tam sübuta yetirilir. Onun məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil.
Məhkəmənin 20 oktyabr tarixli qərarı ilə R. Yusifov 25 gün müddətinə inzibati qaydada həbs edilib.