Ötən ilin sonuna olan vəziyyətə görə, Azərbaycanın xarici borcunun ümumi həcmi illik 9,3 % azalma nümayiş etdirərək 12,327 milyard ABŞ dollarına çatıb.
"Report" Dünya Bankının "International Debt Report 2026" illik hesabatına istinadən xəbər verir ki, 2015-ci ildən 2025-ci ilə qədərki onillik dövr ərzində ölkənin xarici öhdəliklərinin həcmi 6,5 % azalaraq 2015-ci ildəki 13,179 milyard ABŞ dollarından 2025-ci ilin sonuna 12,327 milyard ABŞ dollarına düşüb.
Hesabata əsasən, Azərbaycanın xarici öhdəliklərinin ən böyük payı 11,041 milyard ABŞ dolları təşkil edən dövlət borcu və dövlət zəmanətli borcdan (PPG) ibarətdir. Özəl zəmanətsiz borc (PNG) 1,064 milyard ABŞ dollarına, qısamüddətli borc isə 222 milyon ABŞ dollarına bərabərdir.
Azərbaycanın dövlət və dövlət tərəfindən zəmanət verilmiş borcunun bölgüsündə çoxtərəfli kreditorların payına 5,111 milyard ABŞ dolları (onlardan Asiya İnkişaf Bankı - 1,925 milyard ABŞ dolları, Dünya Bankı - 880 milyon ABŞ dolları) düşür. İkitərəfli kreditorlar qarşısında borc 797 milyon ABŞ dolları (o cümlədən, Yaponiya qarşısında - 381 milyon ABŞ dolları, Fransa qarşısında - 282 milyon ABŞ dolları), özəl kreditorlar qarşısında isə 5,133 milyard ABŞ dolları təşkil edir. 2025-ci ilin yekunlarına görə, Azərbaycanın xarici borcunun ümumi milli gəlirə nisbəti 2015-ci illə müqayisədə 17 %-ə qədər (11,8 % az) aşağı düşüb, borcun ixraca nisbəti göstəricisi isə 35 %-ə qədər (6,4% az) azalıb. Xarici borca xidmət xərcləri ÜMG-nin 4 %-ni və ölkənin ixrac daxilolmalarının 8 %-ni təşkil edib.
Qeyd olunub ki, 2025-ci ildə rəsmi kreditorlardan alınan yeni dövlət borcları üzrə orta ölçülmüş parametrlər aşağıdakı kimi olub: ödəniş müddəti - 14 il, güzəşt müddəti - 4 il, faiz dərəcəsi - illik 5,1 %.
Bildirilib ki, ümumilikdə Avropa və Mərkəzi Asiya regionu miqyasında məcmu xarici borc 2025-ci ildə 15,3 % artaraq 1,34 trilyon ABŞ dollarına çatıb. Bu region dünyadakı bütün inkişaf etməkdə olan regionlar arasında ixraca nisbətdə borc yükü (152 %) və borca xidmətin ixraca nisbəti (24,8 %) üzrə ən yüksək göstəriciləri nümayiş etdirib.
Dünya Bankının məlumatına görə, ümumilikdə 2025-ci ildə aşağı və orta gəlirli dövlətlərin ümumi xarici borcu 5,5 % artaraq 9,445 trilyon ABŞ dolları təşkil edərək rekord həddə çatıb.