Müxalifət Paşinyana qarşı birləşir: Ermənistanı nə gözləyir?

Ermənistanda daxili siyasi mübarizə yeni mərhələyə qədəm qoyur. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyətə qarşı 12 müxalif siyasi qüvvə səylərini birləşdirmək barədə razılığa gəlib.

Maraqlıdır ki, təşəbbüsdə Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan, Serj Sarkisyan və Levon Ter-Petrosyanın siyasi düşərgələrini təmsil edən qüvvələr də iştirak edir. Yəni onlar uzun müddət bir-biri ilə rəqabət aparmış siyasi qruplar olub.

12 müxalif qüvvənin Paşinyana qarşı birləşməsi Ermənistanın daxili və xarici siyasətində nə dərəcədə ciddi dəyişiklik yarada bilər? Müxalifət bu birlik çərçivəsində vahid lider və ya vahid namizəd müəyyənləşdirə biləcək?

Bu barədə Milli Məclisin deputatı Könül Nurullayeva Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, Ermənistanda 12 müxalif siyasi qüvvənin Nikol Paşinyan hakimiyyətinə qarşı səylərini birləşdirmək barədə razılığa gəlməsi ölkədəki daxili xaosun göstəricisidir:

“Robert Köçəryan, Serj Sarkisyan və Levon Ter-Petrosyanın siyasi düşərgələrini təmsil edən qüvvələrin eyni platformada təmsil olunması bu prosesin diqqətçəkən tərəfidir. Bu qüvvələrin fərqli siyasi keçmişi, liderlik iddiaları və xarici siyasətə dair yanaşmaları onların vahid siyasi qüvvəyə çevrilməsini çətinləşdirir. Müxalifət cəmiyyətə yeni lider, inandırıcı iqtisadi proqram və ölkənin təhlükəsizlik problemlərinin həllinə dair real strategiya təqdim etməlidir. Əks halda, Köçəryan, Sarkisyan və Ter-Petrosyanın siyasi düşərgələrinin eyni platformada birləşməsi cəmiyyətdə yalnız köhnə siyasi elitanın yenidən hakimiyyətə qayıtmaq cəhdi kimi qəbul ediləcək. Onların sosial bazası isə geniş deyil”.

Deputat bu siyasi fiqurları birləşdirən amillərdən danışıb. Parlamentari bu xüsusda Azərbaycan məsələsinə də diqqət çəkib:

“Müxalifətin birləşmək təşəbbüsü Paşinyan hökumətinə qarşı mübarizənin yalnız siyasi hakimiyyət uğrunda rəqabət çərçivəsində aparılmayacağını göstərir. Milli təhlükəsizlik, Azərbaycanla münasibətlər, Ermənistanın konstitusiya islahatları və kilsə-hakimiyyət münasibətləri də müxalifətin gündəliyindəki məsələlər sırasındadır. Müxalifət Paşinyan hökumətini Azərbaycan qarşısında birtərəfli güzəştlərə getməkdə ittiham edir və sülhün Ermənistanın milli maraqları əsasında təmin olunmasının vacibliyini vurğulayır. Amma cəmiyyət stabillik istəyir və revanşizmin ağır nəticələrindən usanıb.

Ermənistanın iqtisadi, geosiyasi və təhlükəsizlik maraqları Azərbaycanla münasibətlərin normallaşdırılmasını şərtləndirir. Revanşistlər də anlayır ki, regional reallıqları və Azərbaycanın mövqeyini nəzərə almadan xarici siyasət yürütmək imkanları mümkün olmayacaq. Xüsusilə Azərbaycanla münasibətlərin gələcəyi və Ermənistanın regional proseslərdə yeri barədə konstruktiv mövqe nümayiş etdirməsi vacibdir”.