“Bank Respublika” ASC-də yeni kadr təyinatı olub.
Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb.
C.Həmidov bundan əvvəl “AccessBank” QSC-nin baş texnologiya direktoru vəzifəsində çalışıb. O, 2025-ci ilin aprelində bu vəzifəyə təyin edilmişdi.
Yeni təyinat alan Cəfər Həmidovun bank sektorunda 16 ildən artıq iş təcrübəsi var. O, əmək fəaliyyətinə 2010-cu ilin fevralında “AccessBank”da proqramçı kimi başlayıb. Sonrakı illərdə baş proqramçı, aparıcı proqram təminatı tərtibatçısı, əsas bank sistemləri və hesabatlıq bölməsinin rəhbəri vəzifələrində çalışıb.
2022-ci ilin martında bankın İT İnkişafı Departamentinin direktoru təyin edilən C.Həmidov 2025-ci ilin aprelinə qədər həmin vəzifəni tutub. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnzibati idarəetmə ixtisası üzrə bakalavr məzunudur.
Xatırladaq ki, “Bank Respublika”da informasiya texnologiyaları üzrə rəhbər vəzifələrdən birini daha əvvəl Rəşad Xələfov tutub. O, 2019-cu ilin aprelindən İT departamentinin direktoru, 2022-ci ilin aprelindən isə informasiya texnologiyaları üzrə icraçı direktor olub.
Bu təyinat bank sektorunda iri sövdələşmə fonunda baş verir. Belə ki, 2026-cı il noyabrın 3-də “Bank Respublika” “AccessBank”ın səhmlərinin 100 faizini aldığını açıqlayıb. Razılaşmaya əsasən, növbəti mərhələdə iki bankın “Bank Respublika” brendi altında birləşdirilməsi nəzərdə tutulur.