Xərçəng xəstəliyinin ilkin mərhələlərdə aşkarlanmasını çətinləşdirən əsas məqamlardan biri onun bəzən heç bir aydın simptom verməməsidir.
Bəzi hallarda xəstəliyin nəzərəçarpan əlamətləri daha gec mərhələlərdə üzə çıxır. Bununla belə, orqanizmdə baş verən bəzi izaholunmaz dəyişikliklər diqqətdən kənarda qalmamalıdır.
“SM-Klinika”nın onkoloq və kimyaterapevti Liana Sadıkova xərçəngin gizli əlamətləri barədə danışıb. O, bu simptomların müşahidə edildiyi halda həkimə müraciət etməyin vacibliyini vurğulayıb.
Həkimin diqqət çəkdiyi ilk əlamət səbəbsiz çəki itkisidir. Əgər insan pəhriz saxlamadan, fiziki aktivliyini artırmadan və ya arıqlamağa yönəlmiş hər hansı müalicə almadan 3-6 ay ərzində ilkin çəkisinin 10 faizini və ya daha çoxunu itirirsə, bu vəziyyət araşdırılmalıdır.
Digər diqqətçəkən əlamət güclü gecə tərləməsidir. Söhbət adi tərləmədən deyil, gecə ərzində paltarın və yataq dəstinin islanmasına, hətta dəyişdirilməsinə ehtiyac yaranmasına səbəb olan intensiv tərləmədən gedir. Mütəxəssisin sözlərinə görə, bu hal daha çox leykemiya və limfoma kimi qan və limfa sistemi xəstəlikləri ilə əlaqəli ola bilər. Bəzi digər xərçəng növlərində də belə simptom müşahidə edilə bilər.
Onkoloqun sadaladığı üçüncü əlamət isə uzun müddət davam edən yorğunluq və halsızlıqdır. Həkim bildirib ki, bəzi hallarda şişin fəaliyyəti nəticəsində yaranan proseslər orqanizmdə ümumi zəiflik və tükənmişlik hissinə səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, bu əlamətləri bəzən insanlar virus infeksiyasından sonra yaranan halsızlıq və ya digər xroniki xəstəliklərlə əlaqələndirirlər. Əksər hallarda tibbi müayinələr nəticəsində şikayətlərin onkoloji xəstəliklə bağlı olmadığı müəyyənləşir. Bununla belə, bir neçə həftə davam edən və səbəbi aydın olmayan dəyişikliklər həkim tərəfindən qiymətləndirilməlidir.
Qeyd edək ki, sadalanan simptomlar xərçəng diaqnozu demək deyil. Onlar müxtəlif xəstəliklər və digər sağlamlıq problemləri ilə də əlaqəli ola bilər. Erkən aşkarlanma baxımından müntəzəm tibbi müayinələr və yaşa, risk faktorlarına uyğun skrininq müayinələri xüsusi əhəmiyyət daşıyır.