“Türkçü” adı altında gizlənən Fransa casusları: Onların missiyası nədir?

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları həyata keçirən dairələr yeni bir “qəhrəman” tapıblar: Etibar Süleymanlı. “X” platformasının Türkiyə seqmentində və bir sıra internet resurslarında “azərbaycanlı jurnalist” kimi təqdim etdikləri bu şəxs özünü türkçü, qatı millətçi kimi göstərir, anti-Azərbaycan dairələrin istədiklərinə uyğun açıqlamalar verir.

Etibar Süleymanlı əslində kimdir və hansı ölkəyə işləyir?

Hazırda Fransada yaşayan E.Süleymanlının adı ötən ilin mart ayında Tural Sadıqlının “Azad söz” kanalına müsahibəsi zamanı gündəmə gəldi. Süleymanlı iddia edirdi ki, “Qış parkı”nda yerləşən “Winter Park” otelində işlədiyi vaxt Fransa xüsusi xidmət orqanlarının Bakıdakı rezidenti tərəfindən əməkdaşlığa cəlb olunub. Fransa xüsusi xidmət orqanlarında çalışan müxtəlif şəxslərlə tanış olduqdan sonra pul qarşılığında onlara işləyib. Əsas işi Azərbaycanda qonşu ölkələr haqqında məlumatların toplanması və Fransa kəşfiyyatına ötürmək olub. Onun işlədiyi şəxslərdən biri də 2023-cü ildə Azərbaycanda həbs edilmiş Fransa xüsusi xidmət orqanlarının əməkdaşı Martin Ryan imiş. O iddia edirdi ki, casusluq fəaliyyətinə cəlb edildiyini anladıqdan sonra Dövlət Təhlükəsizlik Xidmətinə məlumat verib.

Maraqlıdır: əvvəlcə Fransa kəşfiyyatına pul qarşılığında işlədiyini deyir, daha sonra bildirir ki, casusluq fəaliyyətinə cəlb edildiyini anlayanda DTX-yə məlumat verib.

Fikirlərindəki ziddiyyətlər yalan danışdığını deməyə əsas verir. Açıq mənbələrdə yayılan məlumatlar da E.Süleymanlının yalan danışdığını, izi azdırmaq məqsədilə belə dediyini təsdiqləyir. Məlumata görə, E.Süleymanlının Fransa kəşfiyyatına casusluq fəaliyyəti DTX tərəfindən müəyyən edilib. DTX-nın casus şəbəkəsinə qarşı əməliyyatı zamanı Martin Ryan həbs edilib, E.Süleymanlı isə casusluq etdiyi havadarları tərəfindən ölkədən çıxarılıb.

İki məqam da E.Süleymanlının yalan danışdığını isbatlayır.

Birincisi, onun hazırda Fransa yaşamasıdır. Fransa kəşfiyyatını “satan” şəxsin sonradan bu ölkəyə gedərək, yaşaya bilməsi mümkündürmü? Xeyr!

İkincisi, E.Süleymanlı Fransa kəşfiyyatı ilə bağlı etirafı “Azad söz” kanalına – elə Fransada yaşayan Tural Sadıqlıya verib. T.Sadıqlının Fransa kəşfiyyatına və bu ölkədəki erməni diasporu/lobbisinə işlədiyi sirr deyil.

Görünür, Fransa kəşfiyyatı azərbaycanlı casusunu digər azərbaycanlı casusun kanalına çıxararaq, izi azdırmağa çalışır.

E.Süleymanlının yalan danışdığını göstərən daha bir detal bu günlərdə özü tərəfindən dilə gətirilib. O, “X” platformasında Azərbaycan-İsrail əlaqələrinə dair qondarma iddialarla çıxış edir və əlavə edir ki, “araşdırmalarım zamanı Fransa kəşfiyyatının Qafqaz üzrə qurumlarına bağlı qruplarla 2 il boyunca könüllü şəkildə əməkdaşlıq edib”. Ötən il isə Fransa kəşfiyyatı tərəfindən casusluğa cəlb edildiyini bilən kimi, DTX-ya məlumat verdiyini deyirdi.

E.Süleymanlı açıqlamaları ilə özünü ifşa edir. Təsdiqlənmiş fakt budur ki, o, Fransa kəşfiyyatına casusluq edib və xidmətlərinin qarşılığında hazırda bu ölkədə yaşayır. İzi azdırmaq üçün də gah türkçü olur, gah turançı. Türkiyədə də buna inananlar və ondan Azərbaycana qarşı istifadə edənlər var. E.Süleymanlı türk ictimaiyyətini aldatmaq məqsədilə əldə etdiyi “məlumatları” vaxtilə Bakıda Türkiyə səfirliyinə və MİT-ə təqdim etdiyini iddia edir. Bu da onun iz azdırmaq taktikalarından biridir. Və sosial şəbəkələrin Türkiyə seqmentində “qəhrəmana” çevrilməsi onun əsl kimliyi ilə bağlı izi azdıra bildiyini göstərir. Halbuki, Türkiyə ictimaiyyəti bu şəxsin Fransa casusu olduğunun və Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da fəaliyyət göstərdiyini anlamalıdırlar.

Azərbaycanda “Türkiyəyə qarşı casus” axtarışına çıxan E.Süleymanlının məqsədi ortağı Tural Sadıqlı ilə birlikdə ictimai rəyi çaşdırmaq və iki ölkə arasında gərginlik yaratmaqdır. Onların hər ikisini koordinasiya edən və Azərbaycan-Türkiyə xəttində suyu bulandırmağa çalışanın isə Fransa xüsusi xidmət orqanlarının olduğu görünür.