Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirildi

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniyada müəyyən edilən daha bir şəxsin noyabrın 6-da Ədliyyə Nazirliyi tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Ədliyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, Nuriyev Elmir Elxan oğlu 2021-ci ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsləri aldadaraq onlara məxsus mənzilləri təmir etdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verib.

O, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.4-cü maddələri) ittiham olunub və həbs edilib.

Nuriyev Elmir Elxan oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Almaniyadan gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.