ABŞ-nin Comstock Resources şirkəti Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə 1,65 milyard dollarlıq strateji tərəfdaşlıq müqaviləsi bağlamağı planlaşdırır.
Təbii qaz hasilatı ilə məşğul olan "Comstock Resources" şirkəti bu razılaşma ilə yanaşı, amerikalı iş adamı Cerri Consla 450 milyon dollarlıq qazma üzrə birgə müəssisə yaradılması barədə də razılığa gəlib.
SOCAR-ın təklif olunan müqavilə çərçivəsində Comstock-un ABŞ-də yerləşən Haynesville yatağındakı “Legacy Haynesville”, “Western Haynesville” və “Pinnacle Gas Services” aktivlərində azlıq payı əldə etməsi nəzərdə tutulur. Bunun müqabilində Azərbaycan şirkəti 1,65 milyard dollar ödəyəcək.
Razılaşmaya əsasən, "Comstock" yataqlardakı əməliyyat fəaliyyətinə rəhbərliyi və idarəetməni özündə saxlayacaq.
Müqavilənin əsas məqsədlərindən biri ABŞ şirkətinin borc yükünü azaltmaqdır. "Comstock" əldə edəcəyi vəsait hesabına xalis borcunu 3,1 milyard dollardan 1,5 milyard dollara endirməyi planlaşdırır. Bu isə şirkətə maliyyə imkanlarını genişləndirməyə və yeni layihələrə investisiya yatırmağa şərait yaradacaq.
SOCAR-ın tərəfdaşlığı Comstock-a beynəlxalq mayeləşdirilmiş təbii qaz (LNG) bazarlarına çıxış imkanları da qazandıra bilər. Azərbaycan şirkətinin qlobal LNG marketinq imkanları ABŞ qazının beynəlxalq müştərilərə satışına töhfə verə bilər.
ABŞ-də böyük qaz ehtiyatlarının işlənməsi sürətlənəcək
Comstock-un Qərbi Haynesville bölgəsində 545 min akr xalis torpaq sahəsinə nəzarət etdiyi bildirilir. Şirkət rəhbərliyi bu ərazini ABŞ-də işlənməmiş ən böyük təbii qaz ehtiyatlarından biri kimi qiymətləndirir.
Bölgənin Meksika körfəzi sahillərində LNG ixracı, elektrik enerjisi istehsalı və məlumat mərkəzlərinin artan tələbatını qarşılamaq baxımından strateji əhəmiyyət daşıdığı qeyd olunur.
Razılaşmada SOCAR-ın Qərbi Haynesville aktivlərindəki 15 faizlik payının xüsusi şərti də yer alır. Belə ki, Azərbaycan şirkəti beş il ərzində 15 faiz gəlirlilik əldə etdikdən sonra onun payının 7,5 faizə endirilməsi nəzərdə tutulur.
Cerri Consla 450 milyon dollarlıq layihə
Comstock-un amerikalı iş adamı Cerri Consla razılaşması da şirkətin qazma xərclərinin maliyyələşdirilməsinə dəstək olacaq.
Cerri Consun ailə tərəfdaşlığı növbəti 12 ay ərzində Qərbi Haynesville bölgəsində 18 quyunun, Legacy Haynesville ərazisində isə 9 quyunun qazılması və tamamlanması xərclərinin böyük hissəsini qarşılayacaq.
Belə ki, tərəfdaşlıq Qərbi Haynesville-də xərclərin 85 faizini, Legacy Haynesville-də isə 80 faizini maliyyələşdirəcək. Layihənin ümumi dəyərinin təxminən 450 milyon dollar olacağı gözlənilir.
Comstock-un III rüb maliyyə nəticələri
Şirkət 2026-cı ilin üçüncü rübündə 22,3 milyon dollar xalis mənfəət əldə edib. Səhm başına mənfəət 8 sent təşkil edib. Birdəfəlik gəlirlər nəzərə alınmadıqda isə bu göstərici 2 sent olub.
Nəticələr analitiklərin gözləntilərindən aşağı olub. Zacks Investment Research tərəfindən sorğulanan üç analitik səhm başına 3 sent mənfəət proqnozlaşdırmışdı.
Comstock-un rüb üzrə gəlirləri 384,4 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövründəki 449,85 milyon dollarla müqayisədə azalma deməkdir.
Bundan əlavə, şirkətin səhmləri ilin əvvəlindən bəri təxminən 40,3 faiz ucuzlaşıb. Müqayisə üçün, S&P 500 indeksi eyni dövrdə 10,6 faiz yüksəlib.