Hə, bu mövsüm çempionluq uğrunda gərgin mübarizə gedəcəyi ilə bağlı səslənən proqnozlar doğrulmaqdadı. Hər xal üçün savaş, didişmə, rəqabət var. Bu rəqabət xüsusən də “Sabah”, “Qarabağ” və “Neftçi” arasında gedir. Xal itirdinsə, qanın getdi, liderlik əldən çıxdı!
Cümə günü Tovuz səfərində uduzan “Sabah” faktiki zirvənin əldən gedəcəyini bilirdi. Düzdü, Valdas Dambrauskas məğlubiyyəti özünün taktiki səhvləri ilə bağladı. Amma bu etiraf oyuna inanılmaz dərəcədə yaxşı köklənən, sadəcə, 2-ci hissədə yorğunluğu hiss olunan “Turan Tovuz” futbolçularının uğuruna kölgə sala bilməz. Qələbənin memarı komandasının üç qolunun hamısında yaxından iştirak edən Vaci idi. Və bir məqamı da qeyd etmək istəyirəm: sanki “Turan Tovuz” güclülərlə oyuna daha yaxşı hazırlaşır, nəinki zəiflərlə.
“Sabah” məğlub olan kimi həm “Qarabağ”, həm də “Neftçi” gözünü zirvəyə dikdi. Zamanlama baxımından ağdamlılar öndə idi, onlar şənbə günü “Qəbələ”ni səfərdə məğlub etsəydi, avtomatik “taxta oturacaqdı”. Amma “Araz-Naxçıvan” üzərində Şamaxıda qazandığı qələbədən ruhlanan “qırmızı-qaralar” “Qarabağ”a da layiqincə müqavimət göstərdi, yaşamaq uğrunda mübarizədə zəruri olan 1 xalı qazandı. Marko Yankoviçlə Mateus Silva arasındakı növbəti münaqişənin də damğa vurduğu oyundan sonra “Qarabağ” yalnız yeganə yeganə məğlubiyyətsiz komanda olması ilə öyünə bilər.
“Şamaxı”nın qonağı olan “Neftçi” bu komandaya mövsümdəki ilk məğlubiyyətini yaşatmaqla paralel 8-ci turdan sonra əldən verdiyi liderliyi də özünə qaytardı. İki dəfə önə çıxan, hər dəfə də hesabın bərabərləşməsinə imkan verən “ağ-qaralar” 3-cü cəhddən sonra qələbənin necə dəyərli olduğunu anlatdı. “Neftçi” bu oyunda mənə Braziliya yığmasının məlum obrazını xatırlatdı: siz bacardığınız qədər qol vurun, biz istədiyimiz qədər vuracağıq. Amma yenə də çempion mentallığının formalaşması üçün nələrsə yoluna qoyulmalıdı. “Neftçi” bəzən elə primitiv qollar buraxır ki, adam təəccüblənməyə bilmir.
Premyer-liqa təkcə çempionluq uğrunda mübarizə aparan komandalardan ibarət deyil ki?! Bunun “Zirə”si var, “Kəpəz”i var... Həftəiçi “Səbail”lə kubok oyununda çox güc itirən “qartallar” “Araz-Naxçıvan”la səfər qarşılaşmasında da xal itirməyə yaxın idi. Onlar yalnız hesab 0:2 olandan sonra ayıldı. Daha doğrusu, Rəşad Sadıqovun əvəzetmələri işə yaradı. Ərən Aydın fərqi azaltdı, Mehdi Mişahşah isə meydana çıxandan cəmi bir dəqiqə sonra hesabı bərabərləşdirdi. Amma ümumilikdə “Zirə”nin oyunu ilə bağlı suallar var. Sadıqov mümkün qədər tez həmin sualların cavabını tapmalıdı. Yoxsa avrokuboklara vəsiqə qazanmaq çətin olacaq.
Həmin avrokuboklara vəsiqəyə iddialılar sırasında bəlkə “Kəpəz” də var. Bəli, “bəlkə” deyirəm, sözümün üstündə dururam. Gəncəlilərə bu dəfə qələbəni Namik Ələskərovun şedevr cərimə zərbəsi qazandırdı. Yoxsa “sarı-göylər” “İmişli” qarşısında dominant oyun sərgiləmirdi, hadisələrin axarı hər iki komandanın xeyrinə dəyişə bilərdi. Bu başqa məsələ ki, evdə “doğma divarlar” da kömək edir. “Kəpəz” bu gün azarkeş dəstəyindən necə lazımdısa, elə də faydalanır. Sabah necə olacağını isə görəcəyik.
Tura dünən Sumqayıtda yekun vuruldu. Əslində “Sumqayıt” qədər “Şəfa”nı da bu oyunda meydan sahibi saymaq olardı. Axı uzun fasilədən sonra elitaya qayıdan paytaxt təmsilçisi də oyunlarını bu şəhərdə keçirir. Heç-heçə komandalardan heç birini razı salmadı.
Misli premyer-liqası
1-ci dövrə, 10-cu tur
30 oktyabr
Turan Tovuz – Sabah 3:2
31 oktyabr
Araz-Naxçıvan – Zirə 2:2
Qəbələ - Qarabağ 0:0
1 noyabr
Şamaxı – Neftçi 2:3
Kəpəz – İmişli 1:0
2 noyabr
Sumqayıt – Şəfa 1:1
1. Neftçi 10 6 3 1 25-11 21
2. Sabah 9 6 2 1 20-4 20
3. Qarabağ 9 5 4 0 14-7 19
4. Turan Tovuz 10 5 3 2 11-8 18
5. Kəpəz 9 5 2 2 10-9 17
6. Zirə 10 4 4 2 14-14 16
7. Şamaxı 10 3 4 3 15-14 13
8. İmişli 10 3 1 6 9-15 10
9. Sumqayıt 9 2 3 4 13-14 9
10. Qəbələ 10 2 2 6 5-16 8
11. Şəfa 10 1 1 8 6-18 4
12. Araz-Naxçıvan 10 0 3 7 9-21 3
Bombardir: Breno Almeyda (Neftçi) – 9.
Növbəti turun proqramı belədi: 6 noyabr – Qarabağ - Turan Tovuz, Neftçi – Kəpəz, 7 noyabr – Şəfa – Araz-Naxçıvan, Zirə - Qəbələ, 8 noyabr – İmişli – Sumqayıt, Sabah – Şamaxı.