İlham Zəkiyev: Görmə qabiliyyətimi itirsəm də, qələbəyə və həyata inamımı itirmədim - VİDEO

“Onun hekayəsi” videolayihəsinin növbəti qonağı ikiqat paralimpiya, üçqat dünya və onqat Avropa çempionu, Azərbaycanın Əməkdar idman ustası İlham Zəkiyev olub.

AZƏRTAC-a istinadla, İlham Zəkiyev həyat yolu, idmana gəlişi, hərbi xidmətdə aldığı ağır güllə yarasından sonra görmə qabiliyyətini itirməsi, idmana qayıdışı və beynəlxalq arenalarda qazandığı tarixi uğurlar barədə danışıb.

1999-cu ildə hərbi xidmətdə olarkən düşmən snayperinin gülləsinə tuş gələn idmançı beş gün komada qalıb. Həkimlərin onun sağ qalacağına ümid etmədiyi ağır vəziyyətdən xilas olsa da, görmə qabiliyyətini tamamilə itirib. Birinci qrup Qarabağ müharibəsi əlili kimi evə qayıdan İlham Zəkiyev üzləşdiyi çətinliklərə baxmayaraq, sevdiyi idmana dönmək arzusundan vaz keçməyib.

“2002-ci il noyabrın 1-dən yenidən məşqlərə başladım. Həyatımda yeni bir səhifə açıldı. Mən yenidən həyata bağlandım və sevdiyim işə, idmana qayıtdım.

Görmə qabiliyyətimi itirsəm də, qələbəyə və həyata inamımı itirmədim”, – deyə o bildirib.

İdmançı 2004-cü ildə Afinada keçirilən Paralimpiya Oyunlarında Azərbaycanın ilk cüdo üzrə Paralimpiya çempionu olub. 2008-ci ildə Pekində bu uğurunu təkrarlayaraq ikiqat Paralimpiya çempionu adını qazanıb. O, həmçinin gözdən əlil idmançılar arasında cüdo yarışlarının kateqoriyalara ayrılması təşəbbüsü ilə çıxış etdiyini və bu istiqamətdə Beynəlxalq Cüdo Federasiyası ilə apardığı işdən danışıb.

İlham Zəkiyev gənclərə müraciətində isə qarşılarına məqsəd qoymağı, çətinliklər qarşısında təslim olmamağı, pis vərdişlərdən uzaq duraraq idmanla məşğul olmağı tövsiyə edib. “İnsan qarşısına məqsəd qoyubsa, o məqsədə gedən yol heç də həmişə hamar deyil. Orada eniş də var, yoxuş da, yıxılmaq da var, durmaq da. Mübariz olsalar, mütləq gec-tez məqsədlərinə çatacaqlar”, – deyə o vurğulayıb.

Beləliklə, “Onun hekayəsi” videolayihəsinin növbəti buraxılışını təqdim edirik.