Bakı, 5 noyabr, AZƏRTAC İpoteka və Kredit Zəmanət Fondunun tətbiq etdiyi kirayə mənzil mexanizmi çərçivəsində indiyədək 11 minədək mənzil vətəndaşların istifadəsinə verilib. Həmin mənzillərin təxminən 30 faizi tikinti mərhələsində əldə olunub.AZƏRTAC xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədr müavini Ramil Tahirov “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən 3-cü Dayanıqlı Tikinti Sammitinin “Bünövrədən çıxarışa” adlı panelində çıxışı zamanı deyib.O bildirib ki, 2019-cu ildən tətbiq edilən kirayə mənzil mexanizmində fond həm mənzilləri əldə edən, həm də onların maliyyələşdirilməsini həyata keçirən tərəf kimi çıxış etdiyindən risklərin idarə olunması məqsədilə daha konkret prosedurlar müəyyənləşdirilib: “Bakı və Sumqayıt şəhərlərində həyata keçirilən iki layihə çərçivəsində 1700 mənzil təminat qeydi mexanizmi əsasında əldə olunub. Həmin mənzillər sonradan çıxarışla təmin edilərək vətəndaşların istifadəsinə verilib. Daha 1080 mənzil isə qabaqcadan qeydiyyat arayışı əsasında alınıb”.Fondun sədr müavini vurğulayıb ki, bu mexanizmin əsas məqsədlərindən biri tikinti şirkətlərinin öhdəliklərini yerinə yetirməməsi ilə bağlı riskləri minimuma endirməkdir: “Bu məqsədlə mənzillərin əldə olunması zamanı layihələrə dair texniki tələblər, developer şirkətlərin maliyyə dayanıqlılığı və tikinti mərhələlərinə uyğun ödəniş şərtləri əvvəlcədən müəyyən edilir. Tikinti layihələri üzrə ödənişlərin təmin edilməsi üçün bank qarantiyası formasında icra təminatından istifadə olunur. Bu mexanizm bütün riskləri tam aradan qaldırmasa da, onların minimuma endirilməsinə imkan verir”.Ramil Tahirov əlavə edib ki, beynəlxalq təcrübədə tətbiq olunan eskrou (escrow) modelindən də bu sahədə istifadə risklərin daha da azaldılmasına kömək edə bilər: “Tikinti mərhələsində mənzillərin əldə olunması mexanizmlərinin genişləndirilməsi üçün hüquqi tənzimləmələrin təkmilləşdirilməsi, maliyyə təminatı vasitələrinin gücləndirilməsi və risklərin idarə olunması mexanizmlərinin inkişaf etdirilməsi vacibdir”. Müəllif - Vüqar Qurbanoğlu Fotoqraf - Səfiyar Məcnun Videooperator - Şövqi Əzizov