Sabahdan qazla işləyən avadanlıqlar üçün yeni təhlükəsizlik tələbləri qüvvəyə minir

Sabahdan Azərbaycanda qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyinə dair yeni tələblər qüvvəyə minəcək.

Yeni qaydalar qaz sobalarından və suqızdırıcılardan tutmuş istilik qazanları, sənaye odluqları və qaz avadanlıqlarına qədər geniş məhsul çeşidini əhatə edir.

Yeni texniki reqlament insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlət maraqlarının qorunması, eləcə də qazla işləyən qurğuların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

Tələblər reqlament qüvvəyə minənədək istismar olunmayan, istehsal mərhələsində olan və Azərbaycanda istehlak bazarına çıxarılan qurğu və avadanlıqlara şamil ediləcək. Sənəddə məişət qızdırıcıları, qaz plitələri, bişirmə panelləri, sobalar, qazla işləyən axar və tutumlu suqızdırıcıları, istilik qazanları, ictimai iaşə müəssisələrinin avadanlıqları və digər qurğular yer alır.

Texniki reqlamentə əsasən, qazla işləyən avadanlıqlar xarici alov mənbəyindən yarana biləcək partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və qaz sızmasının qarşısını almalıdır. Qurğuların alışdırılmasından əvvəl yanma kamerasının havalandırılması, alov söndükdə isə qaz verilişinin dayandırılması təmin edilməlidir.

Qapalı məkanlarda istifadə olunan qurğularda yanmamış qazın yığılmasının qarşısını alan təhlükəsizlik avadanlığı olmalıdır. Tüstü bacasına qoşulan qurğular yanma məhsullarının otağa daxil olmasına yol verməməli, tüstü qazlarının kənarlaşdırılması sistemində nasazlıq yarandıqda isə odluğa qaz verilişi kəsilməlidir. Müəyyən qurğularda dəm qazının konsentrasiyası icazə verilən həddi aşdıqda qazın avtomatik dayandırılması da tələb olunur.

Yeni tələblər avadanlıqların elektrik və istilik təhlükəsizliyini də əhatə edir. Qurğular elektrik cərəyanı vurmasından mühafizəni təmin etməli, elektrik enerjisinin kəsilməsi və yenidən bərpası onların təhlükəsizliyini pozmamalıdır. Həmçinin istifadəçinin təmasda ola biləcəyi səthlərin qızması termik yanıqlara səbəb olmamalı, isti su qurğularında yanıq riskini azaldan avadanlıq nəzərdə tutulmalıdır.

Texniki reqlamentə daxil olan qurğular istehlak bazarına çıxarılmazdan əvvəl təhlükəsizlik tələblərinə uyğunluq qiymətləndirilməsindən keçməlidir. Bu proses uyğunluq bəyannaməsi və ya sertifikatlaşdırma vasitəsilə həyata keçiriləcək. Seriyalı istehsal olunan avadanlıqlar üçün uyğunluq bəyannaməsinin qüvvədəolma müddəti ən çoxu üç il, uyğunluq sertifikatının müddəti isə ən çoxu beş il müəyyən edilib.

Tələblərə uyğunluğu təsdiqlənən və müvafiq qiymətləndirmə prosedurlarından keçən qurğular Azərbaycan Respublikasının istehlak bazarında uyğunluq nişanı ilə nişanlanmalıdır. Bu nişanlama məhsullar bazara çıxarılmamışdan əvvəl həyata keçirilməlidir.

Avadanlıqların istismar, quraşdırma, texniki xidmət və təmir təlimatları Azərbaycan dilində hazırlanmalı və çatdırılma dəstinə daxil edilməlidir. Sənədlərdə qurğunun işləmə qaydası, istifadə edilən qazın növü və təzyiqi, havalandırma tələbləri, texniki xidmətin dövriliyi, mümkün nasazlıqlar və onların aradan qaldırılması üsulları göstərilməlidir.

Bundan başqa, avadanlıqların üzərindəki etiketlərdə istehsalçı, istehsal ölkəsi, model, istehsal tarixi, nominal istilik gücü, istifadə olunan qazın növü və təzyiqi, uyğunluq sertifikatı və ya bəyannaməsinin qeydiyyat məlumatları əks olunmalıdır. Etiketlər Azərbaycan dilində, aydın oxunan və görünən yerdə yerləşdirilməlidir. Qablaşdırmada isə məhsulun modeli, qazın növü və təzyiqi, istehsalçı barədə məlumatlar göstərilməlidir.