Ani körpüsünün bərpası üçün tenderi Türkiyə keçirəcək

Arpaçay üzərində yerləşən Ani körpüsünün bərpası üçün tenderi Türkiyə tərəfi keçirəcək.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.

Paşinyanın sözlərinə görə, İrəvan iki ölkə arasında diplomatik münasibətlərin olmaması səbəbindən birgə tender komissiyasının yaradılması zamanı yarana biləcək prosedur çətinliklərindən yayınmaq üçün bu formata razılıq verib.

Baş nazir bildirib ki, tenderin qalibi olan şirkətlə Ermənistan tərəfi də müqavilə bağlayacaq.

“Yaxın vaxtlarda bu prosedurları başa çatdıracağıq və işlər başlayacaq”, – Paşinyan deyib.