“Bundan sonra “Sabah”ın play-off mərhələsinə çıxması mümkün görünmür”.
Bu sözləri Yenicag.az-a açıqlamasında idman jurnalisti Kənan Məstəliyev bildirib.
K.Məstəliyev Norveçin “Vikinq” komandasına 1:4 hesabı ilə məğlub olan “Sabah” klubunun play-off şanslarını dəyərləndirərkən bunları deyib:
““Sabah”ın play-off şansını minimum görürəm, çünki növbəti rəqiblər çox ağırdır. “Barselona” və “Arsenal” elə komandalardır ki, onlardan 1 xal almaq belə fantastik nəticə sayılardı. Reallıq onu göstərir ki, bu iki nəhənglə görüşlərdə xal qazanmaq ehtimalımız yox dərəcəsindədir. Digər rəqiblərimiz olan “Vilyarreal” və “Napoli” ilə oyunlar da son dərəcə çətin keçəcək. “Vilyarreal”a qarşı matç ağır səfər oyunu olacaq. Həmin görüşdə 1 xal qazanacağımızı düşünsək belə, “Napoli”ni öz meydanımızda məğlub etməliyik. Baxmayaraq ki, “Napoli” nə “Arsenal”, nə də “Barselona” səviyyəsindədir, yenə də çox təhlükəli klubdur.
Rəqiblərə realist nəzərlə baxdıqda, “Sabah”ın liqa mərhələsində ümumilikdə 6-7 xal toplaması belə böyük uğur sayılmalıdır. Düşünürəm ki, komanda 1 qələbə qazanmaqla artıq üzərinə düşəni edib. Play-off isə bu şəraitdə xəyal kimi görünür, inandırıcı deyil”.