BMT sammitinin iştirakçıları Bakıda dövlət idarəçiliyi sahəsində innovasiyaları müzakirə ediblər

Türkiyə kibertəhlükəsizliyin gücləndirilməsi və məlumatların qorunması üçün süni intellektin və yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir.

Bunu Türkiyə Prezidenti yanında Kibertəhlükəsizlik İdarəsinin sədr müavini Yusuf Tancan Bakıda keçirilən "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq tədbir çərçivəsində təşkil olunmuş panel sessiyasında deyib.

Onun sözlərinə görə, qlobal risklərin artması şəraitində elmi tədqiqatların aparılması, təhdidlərin qiymətləndirilməsi və kibermüdafiə sahəsində innovativ həllərin işlənib hazırlanması zəruridir.

Öz növbəsində, Şri-Lankanın dövlət idarəçiliyi, əyalət şuraları və yerli özünüidarəetmə naziri A.H.M.H. Abayaratna dövlət qulluğu sahəsində islahatlar, rəqəmsallaşma və vətəndaş etimadının möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, dövlət xidmətləri kənd əhalisi və həssas qruplar da daxil olmaqla, hamı üçün əlçatan olmalıdır.

Seneqalın dövlət qulluğu, əmək və dövlət xidmətinin islahatı naziri Mamadu Lamin Diante "Baxış-2050" strategiyası çərçivəsində dövlət idarəçiliyinin modernləşdirilməsinə yönəlmiş dövlət xidmətlərinin transformasiyası üzrə Milli Gündəlikdən danışıb.

Macarıstanın regional inkişaf və kənd işləri naziri Viktoriya Lorints 10 mikroregionu və təxminən 100 min əhalisi olan 100 yaşayış məntəqəsini əhatə edən Müqəddəs İştvan kənd inkişafı proqramını təqdim edib. O, yerli sakinlərin qərar qəbuletmə prosesinə cəlb olunmasının zəruriliyini vurğulayıb.

Qvineyanın dövlət idarəçiliyinin modernləşdirilməsi və dövlət qulluğu naziri Fransua Buruno Faya qeyd edib ki, "Simandu-2040" proqramı dövlət xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəlmiş genişmiqyaslı islahatları nəzərdə tutur.

O həmçinin Azərbaycanla əməkdaşlığın vacibliyini vurğulayaraq 2026-cı ilin mart ayında "ASAN xidmət"lə tərəfdaşlıq sazişinin imzalandığını qeyd edib.