Bakı, 5 noyabr, AZƏRTAC Seneqalda dövlət idarəçiliyi ənənəvi olaraq bir sıra çətinliklərlə üzləşir. Əsas problemlərdən biri hər bir dövlət qurumunun öz məsuliyyət və prosedurlarının olmasıdır. Bu isə idarələrarası əməkdaşlıqda ciddi çətinliklər yaradır.AZƏRTAC xəbər verir ki, bunu Seneqalın dövlət qulluğu, əmək və dövlət xidmətinin islahatı naziri Mamadou Lamine Diante Bakıda keçirilən “İdarəetmənin gələcəyi: baxış, missiya və transformasiya” mövzusunda sessiyada çıxışı zamanı deyib.O bildirib ki, dövlət qurumları arasında parçalanma mövcuddur və qurumlar bir-birindən ayrı fəaliyyət göstərir. Nəticədə vətəndaşlar da çətinliklərlə üzləşirlər, xüsusilə dövlət xidmətlərindən yararlanarkən məsələlərini həll etmək üçün bir idarədən digərinə müraciət etməli olurlar.“Dövlət idarəçiliyini transformasiya etmək üçün dövlət qurumlarında inzibati yanaşmaları, iş üsullarını və fəaliyyət prinsiplərini dəyişmək lazımdır. Çünki bu gün vətəndaş artıq idarələrin tələblərinə uyğunlaşmalı deyil, əksinə, idarələr vətəndaşların ehtiyaclarına uyğunlaşmalıdır. Buna görə də qurumlararası əməkdaşlıq və əlaqələndirmə gücləndirilməli, nəticəyönümlü idarəetmə mədəniyyəti formalaşdırılmalıdır”, - deyə Mamadou Lamine Diante vurğulayıb. Müxbirlər- Günel Türksoy, Tərgül Babayeva Fotoqraf-İlkin Cavanşirov Videooperator-Vüsal Taqiyev