2023–2027-ci illərdə Azərbaycanda sosialyönümlü xərclər 4,4 milyard manat və ya 30 % artıb.
Bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, 2027-ci ildə icmal büdcənin xərcləri 50,4 milyard manat, dövlət büdcəsinin xərcləri isə 42,4 milyard manat həcmində proqnozlaşdırılır: "Dövlət büdcəsinin xərcləri cari ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 696,4 milyon manat və ya 1,7 % artacaq.
Büdcə xərclərinin 62,3 %-i, yaxud 26,4 milyard manatı cari xərclərin payına düşəcək. Cari xərclərin qeyri-neft-qaz daxilolmaları hesabına örtülmə əmsalı isə 90,1 % səviyyəsində olacaq.
2027-ci il dövlət büdcəsində sosialyönümlü xərclər 18,7 milyard manat və ya ümumi büdcə xərclərinin 44,2 %-ni təşkil edəcək. Bu, 2026-cı ilin göstəricisi ilə müqayisədə 1,6 milyard manat və ya 9,2 % çoxdur".
Nazir müavini bildirib ki, gələn il dövlət büdcəsinin əsaslı xərcləri 13,8 milyard manat təşkil edəcək ki, bu da ümumi xərclərin 32,5 %-nə bərabərdir. Dövlət borcuna xidmətlə bağlı xərclər isə 2,2 milyard manat həcmində proqnozlaşdırılır, H. Məmişov əlavə edib.