Azərbaycanın əmək bazarındakı müsbət dəyişikliklər sosial sığorta sisteminin dayanıqlığını gücləndirir.
Bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,5 % artaraq 5 milyard manata çatıb, proqnoz isə 105,6 % ilə icra olunub: "Sosial sığorta daxilolmalarının davamlı artması Dövlət Sosial Müdafiə Fondunun maliyyə imkanlarını gücləndirir. Bunun nəticəsində fondun gəlirlərində dövlət büdcəsindən ayrılan vəsaitlərin payı 2018-ci ildəki 36 %-dən cari ilin 9 ayında 20 %-ə enib. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. Bu dinamika sosial sığorta sisteminin öz gəlirləri hesabına maliyyələşmə imkanlarının genişləndiyini göstərir".