Gürcüstan Azərbaycanla akvakultura sahəsində əməkdaşlıqda maraqlıdır.
Bunu açıqlamasında Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Ətraf Mühit Agentliyinin sədri Elene Qubianuri deyib.
Onun sözlərinə görə, Gürcüstan bu sahənin inkişafı istiqamətində irəliləyir və Azərbaycan tərəfinin balıqçılıq təsərrüfatı sahəsindəki təcrübəsi, tətbiq olunan standartlar, dəstək mexanizmləri, həmçinin özəl sektora yönəlmiş stimullaşdırıcı tədbirlər haqqında məlumat əldə etməkdə maraqlıdır:
"Biz azərbaycanlı həmkarlarımızla iş birliyini qurmaqdan böyük məmnunluq duyarıq. Arzu edərdik ki, onlar balıqçılıq təsərrüfatı sahəsindəki təcrübələrini, standartlarını və dəstək mexanizmlərini bizimlə paylaşsınlar. Özəl sektor üçün hansı stimullaşdırıcı mexanizmlərin təklif olunduğu, sahibkarlar üçün maarifləndirmə kampaniyalarının necə həyata keçirildiyi, akvakultura sahəsinə sərmayələrin necə cəlb edildiyi – bütün bunları bilmək istərdik".
Agentliyin rəhbəri vurğulayıb ki, Azərbaycan dəniz akvakulturası sahəsində, xüsusilə nərə balığı növləri və kürü istehsalı istiqamətində əhəmiyyətli təcrübəyə sahibdir: "Əgər azərbaycanlı həmkarlarımız maraq göstərsələr, biz də öz təcrübəmizi bölüşməyə hazırıq. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə müvafiq olaraq hüquqi və tənzimləyici bazanı necə formalaşdırdığımızı izah edə bilərik, eyni zamanda bəlkə də bütün qonşu ölkələrin bir araya gəlib məhsuldar müzakirələr aparması üçün regional əməkdaşlıq çərçivəsində işçi qrupu yaratmaq mümkün olar. Hesab edirəm ki, Azərbaycanın dəniz akvakulturası sektorunda, xüsusən nərə balığı növləri üzrə böyük təcrübəsi mövcuddur və biz icazələrin verilməsi prosesindən başlayaraq bütün mərhələlərdə onların təcrübəsini dinləmək istərdik. Öyrənmək arzusundayıq ki, lisenziyaların yoxlanılması necə aparılır və dövlət özəl sektorda investisiya marağını artırmaq üçün hansı addımlar atır?".
E.Qubianuri həmçinin qeyd edib ki, Gürcüstan da sektorun müasir texnologiyaların tətbiqi və rəqəmsal transformasiya yolunda irəliləyir: "Biz artıq rəqəmsal dönüşüm baxımından müəyyən addımlar atmışıq. Çünki yoxlama və məlumatların toplanması prosesləri üçün elektron jurnallar artıq fəaliyyət göstərir. Bildiyimə görə, Azərbaycan da bu istiqamətdə transformasiya həyata keçirir. Bu səbəbdən təcrübə mübadiləsi aparmaq böyük əhəmiyyət kəsb edir. Azərbaycan kürü və nərə balığı istehsalı sahəsində regionun lider ölkələrindən biri olduğundan, istifadə olunan texnologiyaları və sənayenin fəaliyyət prinsiplərini öyrənmək çox vacibdir. Gələcəkdə regionda, əsasən də Gürcüstanda daha inkişaf etmiş akvakultura sektoru, daha çox balıq fermaları və balıq istehsalı görmək arzusundayam və bəlkə də hər bir ölkə üçün idxalın daxili istehsalla əvəzlənməsi mümkün ola bilər".