Vüqar Gülməmmədov: "Sığorta prinsiplərinə əsaslanmayan xərclər DSMF-nin vəsaitləri hesabına maliyyələşdirilir"

Azərbaycanda sığorta prinsiplərinə əsaslanmayan xərclər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəsaitləri hesabına maliyyələşdirilir.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, DSMF-nin xərclərinin maliyyələşdirilməsi iki əsas mənbə hesabına həyata keçirilir: "Bunlardan biri fondun büdcə gəlirləri, digəri isə əvvəlki illərdən istifadə olunmamış vəsaitlərdir. Qeyd olunduğu kimi, növbəti ildə bütün mənbələr üzrə ümumilikdə təqribən 9,2 milyard manat vəsait nəzərdə tutulub. Xərclərin maliyyələşdirilməsi ilə bağlı bir neçə məqamı diqqətə çatdırmaq istəyirəm. Hüquqi aktlarda belə bir tələb müəyyən edilməsə də, büdcədənkənar fondların büdcələri tarazlıq prinsipi əsasında tərtib edilir. Bu isə öhdəliklərin maliyyələşdirilməsi üçün yalnız çatışmayan məbləğ qədər vəsaitin artırılmasına səbəb olur".

V. Gülmməmdov qeyd edib ki, ikinci məqam öhdəliklərin dəqiqləşdirilməsi məqsədilə müəyyən edilmiş tapşırıqların icrasız qalmasıdır: "Qeyd edək ki, öhdəliklərin razılaşdırılmaması son nəticədə sığorta prinsiplərinə əsaslanmayan xərclərin də sığorta vəsaitləri hesabına maliyyələşdirilməsinə səbəb olur. Bu isə fondun maliyyə dayanıqlığına təsir göstərən amillərdən biridir".