Ermənistanla Türkiyə birbaşa ticarətə BAŞLAYIR

Ermənistan və Türkiyə arasında birbaşa qarşılıqlı ticarət rəsmiləşdirilməyə başlayıb.

Ermənistan mətbuatına istinadən, bunu həmin ölkənin xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan 2027-ci il üçün dövlət büdcəsi layihəsi üzrə parlament komissiyaları səviyyəsində müzakirələr zamanı deyib.

“Fiziki olaraq, əlbəttə, iki ölkə arasında mallar üçüncü ölkələr (əsasən Gürcüstan vasitəsilə - red.) vasitəsilə daşınmağa davam edir. Yenilik ondadır ki, əvvəllər bu ticarət texniki cəhətdən, gömrükdə də üçüncü ölkələr adına rəsmiləşdirilirdi, indi isə birbaşa rəsmiləşdirilir”, - nazir əlavə edib.

Mirzoyan çıxışında Türkiyə-Ermənistan sərhədinin açılması mövzusuna da toxunub: “Sərhədə gəlincə, daha əvvəl dəfələrlə bəyan etdiyim kimi, proses o dərəcədə yetişib ki, istənilən anda sərhədin açılmasına və diplomatik əlaqələrin qurulmasına keçə bilərik”.

Nazirin sözlərinə görə, Azərbaycanla formalaşmış sülhün möhkəmləndirilməsi istiqamətində, o cümlədən ikitərəfli ticarət və malların tranziti üçün ərazinin açılması sahəsində də addımlar davam etdirilir. Mirzoyan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılması ilə Azərbaycan yüklərinin də Ermənistan ərazisindən keçməyə başlayacağına əminliyini ifadə edib.