Azad edilmiş ərazilərdə aqrar torpaqların bölgüsü üzrə hədəf açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə aqrar siyasətin yekun hədəfi kənd təsərrüfatı torpaqlarının 50 faizinin geri qayıdan əhaliyə təqdim olunması, digər 50 faizinin isə investisiya məqsədilə icarəyə verilməsidir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov cümə axşamı Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, geri qayıdan əhaliyə kəndlərinin ətrafında, 1–2 kilometr radiusda yerləşən torpaqların sahələrə bölünərək, bütün infrastruktur yaradılmaqla təqdim olunması nəzərdə tutulur. Bu zaman bir təsərrüfat üçün minimum sahə beş hektar müəyyənləşdirilib.

Onun sözlərinə görə, kəndlərdən daha uzaqda yerləşən ərazilərin investisiya məqsədilə müsabiqə yolu ilə icarəyə verilməsi nəzərdə tutulur. İnvestisiya layihələri üçün minimum sahə 20 hektardır.

“Artıq dörd müsabiqə başa çatıb. Bu müsabiqələrə 500-dən çox müraciət olub və müraciətlərin təxminən 48–50 faizi üzrə qaliblər müəyyənləşib. Heyvandarlıq, balıqçılıq, bağçılıq və əkinçilik istiqamətlərində investisiya müraciətləri və qaliblər var”, – deyə M.Məmmədov qeyd edib.

Nazir vurğulayıb ki, əsas məqsəd kənd təsərrüfatı ilə məşğul olan fermerlərin yetərli gəlir əldə etməsidir. Onun sözlərinə görə, hazırda ölkədə bir təsərrüfata düşən orta torpaq sahəsi 1,7 hektardır və bu sahədən əldə olunan gəlir bir çox hallarda fermerlərin ehtiyaclarını ödəmir.

“Bəzi hallarda fermerlər yaşayış minimumundan da az gəlir əldə edirlər. Bu isə istədiyimiz hədəf deyil. Bu baxımdan azad olunmuş ərazilərdə minimum sahə beş hektar müəyyənləşdirilib”, – deyə o bildirib.

M.Məmmədov əlavə edib ki, bəzi kəndlərdə relyefin imkan verdiyi torpaq sahəsi hər təsərrüfata beş hektar ayrılması üçün kifayət etmir. Belə hallarda sakinlərə birləşərək ailə kəndli təsərrüfatları və ya kooperativlər yaratmaq təklif olunur.

Nazir azad edilmiş ərazilərdə belə kooperativlərin yaradıldığını, o cümlədən Xocalının Xanyurdu kəndində qadın fermerlərin birgə fəaliyyətinin səmərəli olduğunu qeyd edib.

Balıq məhsullarının qiyməti ilə bağlı sualı cavablandıran M.Məmmədov bildirib ki, qiymətlərin formalaşmasında əsas amil tələb və təklif arasındakı nisbətdir. Təklifin artırılması üçün istehsal həcminin genişləndirilməsi vacibdir.

O vurğulayıb ki, nazirliyin əsas məqsədlərindən biri sektorda inhisarçılığa yol verilməməsi və rəqabətin inkişaf etdirilməsidir.

“Ölkədə 700-ə yaxın akvakultura təsərrüfatı var və onların yarıdan çoxu qeydiyyatda deyil. Yeni qanun çərçivəsində qeydiyyatı asanlaşdıracağıq. Bu, təsərrüfatların qeydiyyata alınmasına, məhsul subsidiyası əldə etməsinə və rəqabətin formalaşmasına şərait yaradacaq”, – deyə nazir əlavə edib.